Lamborghini iki unikal Revuelto hazırladı

Lamborghini iki unikal Revuelto hazırladı

İtaliyanın Lamborghini şirkəti Səudiyyə Ərəbistanından olan müştəriləri üçün ərəb səhralarından ilhamlanan iki xüsusi Revuelto superkarı hazırlayıb.

BusinessTime xarici mətbuata istiandla xəbər verir ki, avtomobillər İtaliyanın Sant-Aqata-Bolonyeze şəhərində yerləşən Lamborghini-nin baş qərargahında keçirilən La Prima mərasimində sahiblərinə təqdim olunub.

Hər iki avtomobil üzərində “Ad Personam KSA Edition” yazısı və “1 of 2” nömrəsi yerləşdirilib. Bu da onların geniş satış üçün nəzərdə tutulan limitli seriya deyil, məhz iki avtomobildən ibarət xüsusi sifariş olduğunu göstərir.

Avtomobillərin dizaynında əsas ilham mənbəyi Ərəbistan səhrasının qum təpələri və onların formalarıdır. Kuzov üzərindəki qrafik elementlər həm qum təpələrinin konturlarını, həm də avtomobilin hərəkəti zamanı kuzovu əhatə edən hava axınını əks etdirir.

Salonun dizaynında da eyni konsepsiya davam etdirilib. Hər iki avtomobildə Nero Ade rəngli dəri və karbon elementlərindən istifadə olunub. Oturacaqlardakı xüsusi tikişlər qumun hərəkətini xatırladır. Salonun arxa hissəsində ərəb dilində “Miras” mənasını verən “Nasr” sözü ilə işlənmiş xüsusi panel yerləşdirilib.

İlk avtomobil mat Bianco Phanes rəngindədir. Kuzovda Nero Nemesis tonunda qum təpələrini xatırladan qrafika və Verde Speranza rəngində kontrast detallardan istifadə olunub. Dam, dayaqlar, aerodinamik elementlər və arxa spoyler isə parlaq karbonla işlənib.

Bu iki avtomobil Lamborghini-nin Ad Personam fərdiləşdirmə proqramının imkanlarını nümayiş etdirir. Şirkət xüsusi sifarişlər vasitəsilə avtomobillərin dizaynını müştərilərin zövqü və mənsub olduğu regionun xüsusiyyətləri ilə əlaqələndirir.

Xüsusi Revuelto modellərinin qiyməti açıqlanmayıb.

M.Sadiq.