Qarabağ və Şərqi Zəngəzurda kredit qoyuluşları artıb
2026-cı ilin avqustun 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 576,016 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteni əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 66,5 milyon manat və ya 13% artıb.
Hesabat tarixinə Qarabağ iqtisadi rayonunda kredit qoyuluşları üzrə orta faiz dərəcəsi 19,73% təşkil edib. Regiona yerləşdirilən kreditlərin 575,830 milyon manatı milli valyutada, 186 min manatı isə sərbəst dönərli valyutada (SDV) olub.
Eyni tarixə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 35,129 milyon manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 milyon manat və ya 2,7 dəfə artıb.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 13,62% olub. Regiona verilən kreditlərin 26,280 milyon manatı milli valyutada, 8,849 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Beləliklə, 2026-cı ilin avqustun 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə ümumi kredit qoyuluşlarının həcmi 611,145 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 88,7 milyon manat və ya 17% artım deməkdir.
Ümumilikdə, 2026-cı ilin avqustun 1-nə Azərbaycanın regionları üzrə kredit qoyuluşlarının həcmi 32,095 milyard manata bərabər olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 milyard manat və ya 12,6% çoxdur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kredit qoyuluşlarının artımı azad edilmiş ərazilərdə davam edən bərpa və iqtisadi canlanma prosesi fonunda baş verir. Regionlarda nəqliyyat, energetika, kommunal infrastruktur, sənaye və yaşayış məntəqələrinin bərpası istiqamətində həyata keçirilən layihələr biznes aktivliyinin və maliyyələşməyə tələbatın artmasına şərait yaradır.


