SOCAR 2025-ci ili 12,6 milyard manat ümumi mənfəətlə başa vurub
SOCAR 2025-ci ildə qlobal enerji bazarlarında qiymət dəyişkənliyi, geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənliklərə baxmayaraq, maliyyə göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Şirkətin 2025-ci il üzrə maliyyə nəticələrinə əsasən, gəlirlər 1,9% artaraq 86,3 milyard manata çatıb. Ümumi mənfəət isə 70,5% artaraq 12,61 milyard manat təşkil edib.
SOCAR-ın əməliyyat mənfəəti 80,1% artaraq 5,2 milyard manata, faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəəti (EBITDA) isə 26% artaraq 10,9 milyard manata yüksəlib. Şirkət ili təxminən 3 milyard manat xalis mənfəətlə başa vurub.
Gəlirlərin nisbətən məhdud artımı fonunda mənfəət göstəricilərinin daha yüksək templə yüksəlməsi xərclərin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması, müəssisələr arasında inteqrasiyanın gücləndirilməsi və maliyyə resurslarının daha effektiv idarə olunması ilə əlaqələndirilir.
Maliyyə dayanıqlılığı güclənib
2025-ci ildə SOCAR-ın ümumi aktivləri 2,3% və ya 2,15 milyard manat artaraq 96,85 milyard manata yüksəlib. Cari aktivlər isə 7,4% artaraq 30,56 milyard manat təşkil edib.
Şirkətin cəmi kapitalı il ərzində 2,6% artaraq təxminən 49,9 milyard manata çatıb. 2021–2025-ci illər ərzində SOCAR-ın cəmi kapitalı 2,2 dəfə artıb.
Bununla yanaşı, uzunmüddətli öhdəliklər 24,2 milyard manatdan 18,7 milyard manata enib. Bu, 22,5%-lik azalmaya uyğundur və şirkətin uzunmüddətli maliyyə yükünün azalmasına imkan verib.
Beləliklə, aktiv və kapital göstəricilərinin artması, uzunmüddətli öhdəliklərin isə azalması SOCAR-ın maliyyə dayanıqlılığının möhkəmləndiyini göstərir.
SOCAR beynəlxalq aktivlər portfelini genişləndirib
SOCAR 2025-ci ildə maliyyə göstəricilərinin yaxşılaşdırılması ilə yanaşı, uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq investisiya fəaliyyətini də davam etdirib.
Şirkət ölkə daxilində hasilat aktivləri portfelini genişləndirərək “Bahar” və “Qum-Dəniz” yataqlarında 80% iştirak payı əldə edib.
Bundan əlavə, İsrailin Aralıq dənizi hövzəsində yerləşən “Tamar” qaz yatağında 10% effektiv iştirak payının əldə edilməsi SOCAR-ın beynəlxalq hasilat portfelinin genişlənməsinə imkan verib.
Şirkət həmçinin rəqəmsal infrastruktur və neft-kimya sahələrinə investisiyaları davam etdirib, qaz ixracının və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinə yönəlmiş fəaliyyət həyata keçirib.
Bildirilib ki, bu addımlar SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif seqmentlərində iştirakını genişləndirmək, beynəlxalq aktivlər portfelini şaxələndirmək və yeni bazarlarda mövqelərini gücləndirmək strategiyasının tərkib hissəsidir.
“Bu göstəricilər 2025-ci ildə SOCAR-ın əməliyyat səmərəliliyinin yüksəldilməsi ilə yanaşı, maliyyə dayanıqlılığının gücləndirilməsi və uzunmüddətli inkişaf üçün biznes portfelinin genişləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini göstərir”, - məlumatda qeyd edilib.


