Yeni dələduzluq dalğası yüksəlir: rəsmi qurumlardan gələn QR kodlu məktublar
Kaspersky QR kodların işgüzar və rəsmi ünsiyyətdə istifadə olunduğu istənilən ölkədə istifadəçilər üçün təhlükə yarada biləcək dələduzluq sxemi barədə xəbərdarlıq edir.
Kaspersky mütəxəssisləri korporativ ünvanlara guya dövlət qurumlarından göndərilən saxta elektron poçtların yeni dalğasını müəyyən ediblər. Təcavüzkarlar şirkətlərin əməkdaşlarına saxta veb-saytlara yönləndirən QR kodlar olan mesajlar göndərirlər və burada məktubu alanlardan onlara göndərildiyi iddia edilən sənədləri izləmək və ya əldə etmək üçün kiçik məbləğdə ödəniş etmələri istənilir. Sözügedən sxem QR kodların işgüzar və ya rəsmi yazışmalar üçün geniş istifadə edildiyi istənilən ölkədə kibercinayətkarlar tərəfindən istifadə edilə bilər.
Bu cür mesajlar müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin işçilərinə gələ bilər. Fırıldaqçılar tez-tez müxtəlif bəhanələrdən istifadə edir və rəsmi təşkilatların elektron poçt ünvanlarını saxtalaşdırırlar. Onların məqsədi "poçt xidmətləri" adı altında istifadəçilərin pulunu, həmçinin bank kartı məlumatlarını ələ keçirməkdir.
Sxem necə görünür
Korporativ ünvana özünü dövlət qurumunun və ya rəsmi orqanın nümayəndəsi kimi təqdim edən şəxsdən elektron məktub daxil olur. Mesajda, məsələn, müəssisədə tezliklə yoxlama olacağı və müəyyən məlumatların təqdim edilməli olduğu qeyd olunur. Alıcıya bildirilir ki, sözügedən yoxlama ilə bağlı təfərrüatlar, eləcə də məsul şəxsin əlaqə məlumatları xüsusi çatdırılma ilə göndərildiyi iddia edilən sənədlərdə yer alır.
Göndərilən sənədləri əldə etmək üçün alıcıdan QR kodu skan etməsi tələb olunur; bu kod birbaşa elektron məktubda şəkil formatına ola və ya məktuba əlavə edilmiş, əsasən rəsmi sənəd kimi tərtib edilmiş məktuba PDF faylının daxilinə yerləşdirilə bilər.
QR kod skan edildikdən sonra nə baş verir?
İstifadəçi poçt göndərişini izləmə xidmətini təqlid edən saxta veb-səhifəyə yönləndirilir. Səhifədə istifadəçiyə göndərildiyi iddia edilən sənədlər barədə məlumat və bağlamanın alınması üçün ödəniş tələbi əks olunur. Onları əldə etmək məqsədilə istifadəçidən kiçik bir məbləğ ödəməsi istənilir.
Ödəniş mərhələsinə keçdikdə etibarlı ödəniş xidməti kimi hazırlanmış saxta səhifə açılır. İstifadəçidən bank kartı məlumatlarını (kart nömrəsi, son istifadə tarixi və CVC kodu), həmçinin telefon nömrəsini və kart sahibinin adını daxil etməsi tələb olunur. Beləliklə, hücumçular təkcə ödənişi deyil, həm də istifadəçinin həssas maliyyə məlumatlarını ələ keçirmiş olurlar.
"Biz daha əvvəl, yaz aylarında, oxşar kampaniyalar barədə məlumat vermişdik, indi isə yeni bir dalğanı müşahidə edirik. Diqqətçəkən məqam bu cür mesajlardakı təfərrüat əhatəsidir: hücumçular rəsmi qurumların ünvanlarını təqlid edən 'oxşar' domenlərdən istifadə edir, rəsmi yazışma üslubunu yamsılayır və saxta sənədlər hazırlayırlar. Adətən, bu cür mürəkkəb taktikaları APT qrupları tərəfindən təşkil edilən zərərli kampaniyalarda görürük. Lakin burada söhbət klassik fırıldaqçılıqdan gedir: məqsəd istifadəçini müxtəlif bəhanələrlə kiçik bir məbləğ ödəməyə inandırmaqdır. Bu proses zamanı zərərçəkən öz bank kartı məlumatlarını təcavüzkarların ‘cibinə qoymuş’ olur", - deyə Kaspersky-nin baş spam analitiki Anna Lazariçeva bildirir.
Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədovun sözlərinə görə, QR kodların həm biznes, həm də rəsmi yazışmalarda geniş istifadə olunduğunu nəzərə alsaq, bu cür sxemlər müxtəlif ölkələrdəki təcavüzkarlar tərəfindən tətbiq oluna bilər.
"QR kodlar gündəlik həyatımızın bir hissəsinə çevrilib, bu da istifadəçilər tez-tez onları lazımi məlumatlara sürətli çatmaq üçün təhlükəsiz və rahat bir vasitə kimi qəbul edirlər. Lakin elektron məktubda QR kodun olması həmin keçidin təhlükəsiz olduğuna zəmanət vermir. Burada sadə bir prinsip keçərlidir: etibar et, amma yoxla. Rəsmi qurumlardan gəlmiş kimi görünən, lakin gözlənilməz olan elektron məktublara qarşı xüsusilə ehtiyatlı olmaq lazımdır – xüsusən də əgər həmin məktublarda sizdən bir keçidə daxil olmaq, QR kodu skan etmək və ya ödəniş etmək tələb olunursa", – deyə Müşviq Məmmədov qeyd edir.
Necə qorunmalı?
Mütəxəssislər rəsmi təşkilatlardan gəlmiş kimi görünən e-poçtlara, xüsusən də QR kodlar, hansısa tədbirləri görmək və ya ödəniş etmək tələbi olanlara qarşı ehtiyatlı olmağı məsləhət görürlər. Göndərənin e-poçt ünvanını və domenini yoxlamaq və əgər şübhə varsa, məlumatı təşkilatın rəsmi kanalları vasitəsilə təsdiqləmək vacibdir. Gözlənilməz e-poçtdan QR kodu skan etməklə açılan veb-səhifəyə heç vaxt bank kartı məlumatlarını daxil etməyin. Korporativ e-poçtu qorumaq üçün QR kodları təhlil edə və poçt serverləri üçün Kaspersky Security kimi fişinq saytlarını müəyyən edə bilən həllərdən istifadə etmək tövsiyə olunur.


