"Nvidia"nın bazar dəyəri 1,6 trilyon dollar azalıb, səhmləri ucuzlaşır
"Nvidia"nın səhmləri oktyabrın əvvəlindən təxminən 29 faiz ucuzlaşıb. Şirkət həftəni də itki ilə başa vurarsa, 2012-ci ildən bəri ilk dəfə ardıcıl altı həftəlik eniş qeydə alınacaq.
ABŞ-ın çip istehsalçısı "Nvidia"nın bazar dəyəri oktyabrın əvvəlində başlayan enişdən sonra təxminən 1,6 trilyon ABŞ dolları azalıb. Bu barədə BusinessTime Anadolu Agentliyinə istinadən xəbər verir.
Şirkətin səhmləri həmin dövrdə təxminən 29 faiz ucuzlaşıb və bazar kapitallaşması "Apple"ın göstəricisindən aşağı düşüb. Cümə axşamı səhmlər 4,3 faiz dəyər itirib. Bununla da həftə ərzində azalma təxminən 11 faizə çatıb.
Səhmlər həftəni də enişlə başa vurarsa, "Nvidia" 2012-ci ilin oktyabrından bəri ilk dəfə ardıcıl altı həftəlik azalma qeydə alacaq.
Şirkət cümə axşamı həmtəsisçisi Censen Huanqın prezident, baş icraçı direktor və direktorlar şurasının üzvü vəzifələrindən dərhal qüvvəyə minmək şərtilə ayrıldığını açıqlayıb. Maliyyə direktoru Kolet Kress müvəqqəti baş icraçı direktor təyin edilib. O, keçid dövründə maliyyə üzrə vəzifələrini də icra edəcək.
Direktorlar şurası daimi rəhbər üçün şirkət daxilindən və xaricindən namizədləri nəzərdən keçirir. Huanqın ayrılmasından əvvəl onun nikahdankənar münasibətləri barədə məlumatlar yayılmışdı. Şirkət rəhbərlik dəyişikliyindən sonra fəaliyyətinin, müştərilər qarşısındakı öhdəliklərinin və məhsul planlarının fasiləsiz davam edəcəyini gözləyir.
Səhmlərin ucuzlaşması rəhbərlikdəki böhrandan əvvəl başlamışdı. İnvestorlar yüksək faiz dərəcələrinin süni intellekt infrastrukturuna sərmayə qoyan və borcdan asılı olan şirkətlərin maliyyələşmə xərclərini artıracağından narahatdırlar. "Nvidia"nın növbəti rüblük nəticələrini noyabrın 17-də açıqlaması gözlənilir. Bu, Kressin rəhbərliyi dövründə ilk maliyyə hesabatı olacaq.


