“AFB Bank” fərdi sahibkarlara verdiyi kreditləri ikiqat artırıb – HESABAT

“AFB Bank” fərdi sahibkarlara verdiyi kreditləri ikiqat artırıb

“AFB Bank” ASC-nin fərdi sahibkarlara verdiyi kredit portfeli 2025-ci ilin sonuna 49.21 mln. manat təşkil edib. Bu, 2024-cü ilin sonundakı 21.37 mln. manatla müqayisədə 130.3% çoxdur.

Bank keçən il kredit portfelini artırmaqla bərabər, onun keyfiyyətində yaxşılaşdırıb. 2025-ci ilin sonunda bankın kredit portfelinin böyük hissəsi — 45.89 mln. manat və ya 93.3%-i vaxtında ödənilən və kredit riski aşağı olan kreditlərdən ibarət olub. Bir il əvvəl bu göstərici 17.1 mln. manat və ya 80% təşkil edirdi. Nəticədə problemli kreditlərin portfeldə xüsusi çəkisi 17.9%-dən 3.5%-ə qədər geriləyib.

Eyni zamanda, problemli kreditlər üzrə ayrılmış ehtiyatlar 5.12 mln. manatdan 3.41 mln. manata enərək 33% azalıb. Vaxtında qaytarılmayan və yüksək riskli kreditlərin həcmi isə 3.83 mln. manatdan 1.7 mln. manata düşərək 55% azalıb.

Portfelin təminat göstəricilərinə görə, bankın müştərilərə verdiyi kreditlərin balans dəyəri 282.6 mln. manat təşkil edib. Bunun 144.4 mln. manatı və ya 51%-i girovla təmin olunub. Sahibkar kreditləri üzrə balans dəyəri 49.2 mln. manat olduğu halda, onların təminat dəyəri 22.8 mln. manat olub ki, bu da portfelin 46%-nə bərabərdir.

Bank üzrə ümumi fərdi sahibkarlara verilən kreditlərdə girov təminatında isə daşınmaz əmlakın payı 98% təşkil edib.

Qeyd edək ki, “AFB Bank” kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin biznes ehtiyaclarının maliyyələşdirilməsi üçün mikro kredit verir. Kredit məbləği 500 manatdan başlayaraq 200 min manata qədər dəyişir və milli valyutada təqdim edilir. Kredit üzrə illik faiz dərəcəsi 15%-dən başlayır, faktiki illik faiz dərəcəsi isə 15.4%-31.09% aralığında formalaşır.