Güclü kadr, dayanıqlı iqtisadiyyat: Azərbaycanın yeni prioriteti
İqtisadi inkişafın uzunmüddətli xarakter alması üçün maliyyə kapitalı ilə yanaşı insan kapitalının inkişafı da zəruridir.
Müasir investisiya mühitində investor yalnız təbii resurslara və infrastruktura deyil, peşəkar kadr bazasına da diqqət yetirir. Azərbaycanın gələcək iqtisadi inkişaf strategiyasında insan kapitalının xüsusi yer tutması bu baxımdan təsadüfi deyil. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda peşəkar və ixtisaslı kadrların hazırlanması investisiya məqsədlərinin həyata keçirilməsi üçün əsas şərtlərdən biri kimi vurğulandı. Azərbaycanın neft-qaz sektorunda əldə etdiyi təcrübə insan kapitalının formalaşmasına təsir edən nümunələrdən biridir. Ölkədə əvvəlki dövrlərdə xarici mütəxəssislərin böyük üstünlük təşkil etdiyi sahələrdə zaman keçdikcə yerli kadrların çəkisinin artığını görürük. Bu proses texnologiya və idarəetmə təcrübəsinin yerli mütəxəssislərə ötürülməsi baxımından mühüm nəticə yaradıb.
Bu təcrübənin digər iqtisadi sahələrə tətbiqi yeni mərhələdə mühüm əhəmiyyət kəsb edə bilər. Yaşıl enerji, süni intellekt, informasiya texnologiyaları, logistika və mədənçilik yeni ixtisaslara tələbat yaradır. Əmək bazarının dəyişən tələblərinə uyğun təhsil proqramlarının hazırlanması bu prosesin vacib hissəsidir. Universitetlərin və peşə təhsili müəssisələrinin biznes sektoru ilə əməkdaşlığının genişləndirilməsi kadr hazırlığının praktiki yönünü gücləndirə bilər. Xaricdə təhsil proqramları da insan kapitalının inkişafında mühüm vasitədir. Xarici universitetlərdə əldə edilən bilik və təcrübənin ölkəyə qaytarılması yeni idarəetmə mədəniyyətinin formalaşmasına kömək edə bilər. Bu baxımdan insan kapitalına yatırılan investisiyalar birbaşa maliyyə gəliri ilə ölçülməsə də, uzunmüddətli iqtisadi nəticələr yarada bilər. İnsan kapitalının inkişafı ilə investisiya mühiti arasında qarşılıqlı əlaqə mövcuddur. Keyfiyyətli kadr bazası investorların fəaliyyət xərclərinin azalmasına və yeni texnologiyaların daha sürətli tətbiqinə imkan verə bilər. Eyni zamanda xarici şirkətlərin ölkəyə gətirdiyi təcrübə yerli əmək bazarının inkişafına əlavə stimul yaradır. Beləliklə, xarici investisiya yalnız maliyyə axını deyil, həm də bilik və təcrübə axını kimi qiymətləndirilir. Azərbaycanın investisiya mühitində siyasi və iqtisadi sabitliklə yanaşı, vergi və tənzimləmə sisteminin proqnozlaşdırıla bilməsi də mühüm əhəmiyyət daşıyır. İnvestor uzunmüddətli qərar qəbul etdiyi üçün sabit və aydın qaydalar biznes planlaşdırmasının əsas elementlərindən biridir.
Forumda iştirak edən Ölkə başçısı cənab İlham Əliyev çıxışında bir çox məqamlar kimi təhlükəsizliyin, sabitliyin, əlverişli investisiya mühitinin və proqnozlaşdırılan vergi sisteminin investorlar üçün mühüm ilkin şərtlər olduğunu vurğuladı. Bununla yanaşı, investisiya mühitinin inkişafı davamlı prosesdir. Yeni iqtisadi tendensiyalar yarandıqca dövlət və biznes mühiti də dəyişən tələblərə uyğunlaşmalıdır. Rəqəmsal iqtisadiyyatın genişlənməsi, yaşıl enerji layihələrinin artması və logistika imkanlarının inkişafı yeni hüquqi və inzibati yanaşmalar tələb edə bilər. Nəticədə Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsində insan kapitalı və investisiya mühiti bir-birini tamamlayan iki əsas istiqamət kimi çıxış edir.
Maliyyə resursları iqtisadi layihələri başlatmağa imkan verirsə, bilik və bacarıqlar həmin layihələrin səmərəliliyini müəyyən edir. Buna görə də təhsil, peşə hazırlığı, innovasiya və texnologiya transferi investisiya siyasətinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilməlidir. Azərbaycanın mövcud iqtisadi və infrastruktur imkanlarının yüksək əlavə dəyər yaradan sahələrə çevrilməsi məhz bu iki istiqamətin uzlaşdırılmasından asılı olacaqdır.
Hilal Əhmədov
Neftçala rayonu


