İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatı (RƏT) arasında görüş keçirilib. Tədbirdə İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, RƏT-in Baş katibi Deemah AlYahya, eləcə də Azərbaycanın startap və İKT ekosistemini təmsil edən 30-a yaxın şirkət nümayəndəsi iştirak edib.
Görüşdə rəqəmsal transformasiya, innovasiya ekosistemi, startaplar və texnologiya şirkətlərinin regional və qlobal bazarlara çıxış imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov “Azərbaycanın rəqəmsal inkişafı və innovasiya ekosistemi” mövzusunda çıxış edib. O, Azərbaycanın rəqəmsal transformasiya gündəliyi, rəqəmsal hökumət və dövlət xidmətlərinin inkişafı, innovasiya və startap ekosistemi, Texnopark rezidentləri və İKT şirkətləri üçün yaradılan imkanlar barədə məlumat verib. İRİA rəsmisi, həmçinin Azərbaycanın rəqəmsal inkişaf və süni intellekt üzrə prioritetləri, ölkəmizin İKT şirkətlərinin məhsul və xidmətlərinin ixrac potensialının artırılması, həmçinin innovasiya ekosisteminin gücləndirilməsi ilə bağlı hazırlanmış qanunvericilik təklifləri barədə görülən işlər haqda danışıb.
RƏT-in Baş katibi Deemah AlYahya çıxışında təşkilatın fəaliyyəti və üzv dövlətlər arasında rəqəmsal əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. O, innovasiya ekosistemlərinin inkişafı, özəl sektor və startaplarla əməkdaşlığın genişləndirilməsi, eləcə də texnologiya şirkətlərinin regional və qlobal bazarlara çıxışının təşviqi istiqamətində təşklatın həyata keçirdiyi fəaliyyətdən danışıb.
Görüşün davamında Azərbaycanın startap və texnopark ekosisteminin nümayəndələri ilə qısa məlumat sessiyası keçirilib. Sessiya çərçivəsində şirkətlər əsas fəaliyyət istiqamətləri, məhsul və texnoloji həllər, eləcə də beynəlxalq inkişaf və xarici bazarlara çıxış hədəfləri barədə məlumat veriblər. Bu format yerli texnologiya şirkətləri ilə RƏT arasında birbaşa təmasların qurulmasına və potensial əməkdaşlıq imkanlarının müzakirəsi üçün şərait yaradıb.
Tədbirin sonunda İRİA ilə RƏT arasında Fəaliyyət Planı elan edilib. Sənəddə rəqəmsal transformasiya və innovasiya istiqamətlərində əməkdaşlığın, bu xüsusda Azərbaycanın innovasiya ekosisteminin RƏT-in beynəlxalq şəbəkəsi ilə əlaqələrinin genişləndirilməsi, yerli startap və İKT şirkətlərinin yeni tərəfdaşlıq və bazarlara çıxış imkanlarının təşviqinin sistemli şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur.