Aktiv vergiödəyicilərinin sayı faiz artıb

Aktiv vergiödəyicilərinin sayı faiz artıb

Azərbaycanda “kölgə iqtisadiyyatı”nın azaldılması məqsədilə vergi qanunvericiliyində dəyişikliklər edilməklə yanaşı, vergi inzibatçılığında da mütəmadi olaraq təkmilləşdirmələr aparılır.

BusinessTime Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi Elşən Rəhimli deyib. Onun sözlərinə görə, həm vergi inzibatçılığı, həm də qanunvericilikdə həyata keçirilən tədbirlər vergi orqanlarının daha səmərəli fəaliyyət göstərməsinə, vergilərin daha operativ və vaxtında ödənilməsinə şərait yaradır.

E.Rəhimli qeyd edib ki, vergi orqanlarının fəaliyyətinin əsas göstəricisi vergi yığımlarının həcmi ilə bağlıdır. Bu ilin yanvar-sentyabr ayları ərzində 12,8 milyard manat vergi daxilolması təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta haqları üzrə yığımların həcmi yüksək olub.

Məcburi dövlət sosial sığorta haqları üzrə cari ilin 9 ayı ərzində 3,8 milyard manat vəsait Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur. Qeyd edilən müddətdə işsizlikdən sığorta haqları üzrə 132,8 milyon manat vəsait toplanıb, bu isə keçən illə müqayisədə 15 faiz artıq vəsait deməkdir. İcbari tibbi sığorta haqları üzrə isə 683 milyon manat vəsait aidiyyəti fonda ödənilib ki, bu da ötən illə müqayisədə 15,3 faiz əlavə vəsaitdir. Ümumilikdə DVX tərəfindən qeyd edilən istiqamətlər üzrə yığımlar 17,4 milyard manat olub ki, bu da ölkə üzrə ümumi fiskal yığımların 80 faizini təşkil edib.

Cari ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə 7,425 milyon manat vergi daxilolması olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Bu, proqnozdan artıq 415,5 milyon manat əlavə vəsaitin yığılması deməkdir.

E.Rəhimli bildirib ki, cari ilin 9 ayında qeyri-neft sektorunda ÜDM-in nominal artım tempi 11,6 faiz olduğu halda, qeyri-neft sektoru üzrə vergi daxilolmalarının nominal artım tempi 19,3 faiz olub. Nominal artım tempi üzrə verginin ÜDM-i üstələməsi 7,7 faiz artıb, bu da iqtisadiyyatda şəffaflaşmanın və “boz zona”da olan gəlirlərin vergiləndirilməsinin bariz göstəricisidir.

DVX rəsmisi qeyri-neft sektoru üzrə dövriyyələrin həcminin 9,2 faiz artdığını söyləyib. Onun sözlərinə görə, qeyri-neft sektorunda ƏDV üzrə dövriyyənin həcmində 9 faiz artım baş verib. Elektron qaimə-faktura üzrə dövriyyələrin həcmi 22 faiz artıb.

Cari ildə aktiv vergiödəyicilərinin sayı 5,7 faiz artaraq 750 min nəfəri keçib. Bu müddətdə aktiv ƏDV ödəyicilərinin sayı 11 faiz, aktiv obyektlərin sayı 6,8 faiz artıb.