İSB “We Invest in People – Silver”  beynəlxalq akkreditasiyasına layiq görülüb

İSB “We Invest in People – Silver”  beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməsi nəticəsində Böyük Britaniyanın “Investors in People” təşkilatının “We Invest in People – Silver” (Gümüş) akkreditasiyasına layiq görülüb.

Böyük Britaniyada təsis edilmiş “Investors in People” təşkilatı liderlik, insan kapitalının idarə edilməsi, əməkdaşların inkişafı və korporativ mədəniyyət sahələrində təşkilatların fəaliyyətini beynəlxalq meyarlar əsasında qiymətləndirir. “We Invest in People” proqramı “Standard”, “Silver”, “Gold” və “Platinum” olmaqla 4 səviyyəni əhatə edir. İSB akkreditasiya prosesində ilk dəfə iştirak etməsinə baxmayaraq, birbaşa “Silver” səviyyəsini əldə edib.
Akkreditasiya prosesi çərçivəsində İSB-nin liderlik yanaşmaları, strateji məqsədlərin əməkdaşlara çatdırılması, fəaliyyətin qiymətləndirilməsi, motivasiya mexanizmləri, təlim və karyera inkişafı imkanları, əməkdaşların qərarvermə proseslərində iştirakı və daxili kommunikasiya təcrübələri qiymətləndirilib. Nəticələr Büronun korporativ mədəniyyətini, əməkdaşlıq mühitini və təşkilati inkişaf potensialını ön plana çıxarıb.

İSB üçün insan kapitalının inkişafı rəqəmsal transformasiya, texnoloji innovasiyalar və vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi kimi strateji hədəflərin mühüm tərkib hissəsidir. Bu istiqamətdə əməkdaşların bilik və bacarıqlarının artırılması, fəaliyyət nəticələrinin qiymətləndirilməsi, təcrübə mübadiləsi və daxili kommunikasiyanın gücləndirilməsi üzrə təcrübələr davamlı olaraq təkmilləşdirilir.

İSB beynəlxalq qiymətləndirmə nəticələrini nəzərə alaraq liderlik bacarıqlarının gücləndirilməsi, əməkdaşların iştirakçılığının artırılması və peşəkar inkişaf imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir.