Azərbaycana gələn əcnəbilərin sayı 117 min nəfərə yaxın azalıb

Azərbaycana gələn əcnəbilərin sayı

Azərbaycana xarici ölkələrdən gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında azalma davam edir. 2026-cı ilin ilk doqquz ayında ölkəyə gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən ümumilikdə 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Ötən ilin müvafiq dövründə bu göstərici təxminən 1 milyon 948,7 min nəfər olub. Beləliklə, ölkəyə gələnlərin sayı bir il ərzində təxminən 116,9 min nəfər azalıb.

Azərbaycana gələnlərin ən böyük hissəsini Rusiya və Türkiyə vətəndaşları təşkil edib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi isə Türkiyənin payına düşüb.

Sonrakı yerlərdə 7,7 faizlə İran, 4,9 faizlə Gürcüstan, 4,5 faizlə Qazaxıstan, 3,7 faizlə İsrail və 3,5 faizlə Pakistan qərarlaşıb.

Maraqlıdır ki, ümumi azalmanın fonunda Avropa İttifaqı və MDB ölkələrindən gələnlərin sayı artıb. Ən ciddi geriləmə isə körfəz ölkələrindən gələnlərin sayında müşahidə olunub.

Ölkəyə gələn əcnəbilərin 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil edib. (banker)