Azərbaycanda rəqəmsal savadlılıqla bağlı yeni hədəf açıqlanıb
Azərbaycanda əhalinin rəqəmsal savadlılıq səviyyəsinin 2030-cu ilədək 70%-ə yüksəldilməsi nəzərdə tutulur.
Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova Bakıda təşkil olunan “Rəqəmsal bacarıqlar: bu günün nəticələri, sabahın imkanları” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, 2023–2024-cü illərdə İRİA tərəfindən aparılan qiymətləndirmə nəticəsində Azərbaycanda rəqəmsal savadlılıq göstəricisinin 25% olduğu müəyyən edilib:
"Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) iştirakı ilə həyata keçirilən araşdırmaya şagirdlər, tələbələr, müəllimlər, ev təsərrüfatları və digər əhali qrupları daxil edilib.
Rəqəmsal bacarıqların inkişaf etdirilməsi və ölkənin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi əsas prioritetlər sırasındadır. Məqsəd rəqəmsal cəmiyyətin formalaşdırılması və rəqəmsal iqtisadiyyatın inkişafı vasitəsilə Azərbaycanın beynəlxalq göstəricilərini yaxşılaşdırmaqdır".
Departament rəhbəri qeyd edib ki, Azərbaycan 2026-cı ildə Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb:
"Beləliklə, ölkə 139 dövlət arasında 94-cü yerdən 85-ci sıraya yüksəlib.
Bundan başqa, Azərbaycan Elektron Dövlət İnkişaf İndeksində 193 ölkə arasında 74-cü yerdə qərarlaşıb".


