Alimlərdən HƏYƏCAN SİQNALI: Yer kürəsində güclü geomaqnit qasırğaları ola bilər
Tədqiqatçılar Günəşin Yerdən görünməyən tərəfində nəhəng ölçülərə malik ləkə qrupu qeydə alıblar. Yeni kəşf edilən bu struktur son illər ərzində müşahidə olunan ən təhlükəli aktivlik ocaqlarından biri kimi qiymətləndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata əsasən, bu nəhəng ləkə qrupu potensial olaraq böyük təhlükə vəd etsə də, onun gələcək fəsadları barədə dəqiq proqnoz vermək hələ ki, çətindir. Mütəxəssislər qeyd edirlər ki, bu tip kosmik strukturlar güclü partlayışlara və Günəş plazmasının kütləvi şəkildə atılmasına səbəb ola bilər. Bu proses isə öz növbəsində Yer kürəsində güclü geomaqnit qasırğalarının yaranmasına zəmin yaradır.
Hazırda Günəşin görünməyən tərəfindəki aktivliyin monitorinqi davam etdirilir. Təxminən bir həftə sonra həmin ləkələr planetimizdən görünən sahəyə keçəcək, daha bir həftə sonra isə Yerlə tam üzbəüz mövqedə qərarlaşacaq.
Lakin ekspertlər diqqətə çatdırırlar ki, qarşıdakı 14 gün müddətində bu ləkələr bir neçə partlaytış yaradaraq tamamilə yoxa çıxa da bilər. Hazırda sözügedən bölgədə kəskin bir aktivlik qeydə alınmır və iki həftə sonrakı vəziyyəti dəqiqliklə proqnozlaşdırmaq olduqca mürəkkəbdir.


