"Amazon"un bazar dəyəri tarixdə ilk dəfə 3 trilyon dolları ötüb

"Amazon"un bazar dəyəri tarixdə ilk dəfə 3 trilyon dolları ötüb

ABŞ-nin texnologiya nəhəngi "Amazon"un bazar kapitallaşması tarixdə ilk dəfə 3 trilyon dollar həddini keçib.

Şirkətin səhmləri avqustun 3-də keçirilən hərraclarda 4,7 faiz bahalaşıb. Bununla da "Amazon" bu göstəriciyə çatan beşinci şirkət olub. Daha əvvəl bu həddi "Nvidia", "Alphabet", "Microsoft" və "Apple" keçmişdi.

İlin əvvəlindən bəri "Amazon"un bazar dəyəri 23,2 faiz artıb. Bu, "möhtəşəm yeddilik" ("Magnificent Seven") adlandırılan texnologiya şirkətləri arasında ən yüksək artım göstəricisidir.

Şirkətin ötən həftə açıqladığı ikinci rüb maliyyə hesabatı da səhmlərin bahalaşmasına təkan verib. Hesabata əsasən, "Amazon"un xalis mənfəəti illik müqayisədə üç dəfədən çox artaraq 62,6 milyard dollara çatıb. Gəlirləri isə 20 faiz yüksələrək 200,6 milyard dollar təşkil edib.
Bu dövrdə şirkətin bulud xidmətləri bölməsi olan "Amazon Web Services"in (AWS) gəlirləri də 37 faiz artaraq 42,2 milyard dollara yüksəlib.

Maliyyə hesabatının açıqlanmasından sonra "Amazon"un bazar kapitallaşması təxminən 400 milyard dollar artıb. "Bloomberg" tərəfindən sorğuda iştirak edən analitiklərin orta proqnozuna görə, şirkətin səhmləri qarşıdakı bir il ərzində cari səviyyədən təxminən 14 faiz də bahalaşa bilər.