Aqrar Sığorta Fondu fermerləri təbrik edib
14 May Ümumdünya Fermerlər günü münasibətilə respublikanın 4 böyük İqtisadi zonasını əhatə edən aqrar sığorta filiallarında fermerlərlə görüşlər təşkil olunub. Nümayəndələr Şəki, Oğuz, Quba, Qusar, Şabran, Göyçay, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar rayonlarında sahələrdə çalışan kənd təsərrüfatı işçilərini ziyarət edərək onları təbrik ediblər.
Tədbirlərin keçirilməsində əsas məqsəd bütün dünyada, eləcə də ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı ilə bəşəriyyətin ehtiyac duyduğu qidanı təmin edən fermerlərimizə diqqət göstərmək, onlarla gələcək planlanları müzakirə etmək, aqrar sığorta ilə bağlı fermerlərin təkliflərini dinləməkdir. Tədbirdə qeyd olunub ki, son 1 ayda havaların qeyri-sabit keçməsi Azərbyacan fermerləri üçün bir yenilik olan aqrar sığortanın vacibliyini daha da aktuallaşdırıb, Bildirilib ki, aprel ayının 27-dən başlayaraq bu günədək əkin sahələrinə, meyvə bağlarına dəymiş ziyanla bağlı 1651 Çağrı Mərkəzinə 18 rayondan 214 müraciət daxil olub. Son 4 gün ərzində Şəkidən külək, quraqlıq, Cəlilabaddan dolu, Biləsuvardan qasırğa, külək, zərərverici həşəratların hücumu, tufan, Qobustandan dolu, sel, Ucardan dolu, sel-subasma və s. hadisələrlə bağlı məlumat verilib.
Son həftələrdə leysan yağışları, sel, subasma, külək, dolu və digər təbiət hadisələri barədə müraciətlər daha çox Goranboy, Tərtər, Zaqatala, İsmayıllı, Cəlilabad, Şəki rayonlarında baş vermiş güclü yağışlar, dolu, sel və digər sığorta hadisələri ilə əlaqədardır. Hazırda fermerlərə dəymiş zərərlərin müəyyənləşdirilməsi üçün aqrar sığorta ekspertlərindən ibarət qruplar bölgələrə ezam olunub. Qruplara Türkiyədən dəvət olunmuş təcrübəli, aqrar sığorta sahəsində lisenziyalı ekspertlər rəhbərlik edir. Ekspert qrupları artıq bir çox sığortalanmış təsərrüfatlarda zərərin ilkin qiymətləndirilməsini həyata keçiriblər. Yekun qiymətləndirmə məhsul yığımından və biçindən öncə təsərrüfat sahiblərinin müraciəti əsasında aparılacaq, dəymiş zərər müəyyən olunacaq. Və bu nəticələrə əsasən, zəruri sənədlər təqdim olunduqdan sonra 7 iş günü ərzində fermerlərə ödənişlər həyata keçiriləcəkdir.
Əkin sahələrinə, meyvə bağlarına təbiət hadisələrindən zərər dəyən bir çox fermerimiz aqrar sığorta xidmətlərindən istifadə edərkən, bir çoxu vaxtında sığorta etditmədiyi üçün xidmətdən faydalana bilmir. Təsərrüfatlarını sığortalatmış fermerlər aqrar sığortanın dövlət başçısının kənd təsərrüfatı sahəsində həyata keçirdiyi çoxsaylı islahatlardan biri olduğunu, bu xidmətdən bütün fermerlərin istifadə etməyinin vacibliyini bildiriblər.