Agrovit və ADAU arasında memorandum imzalanıb

Agrovit və ADAU arasında memorandum imzalanıb
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Taxıl bitkilərində sort və hibridalma, onların toxumçuluğu, nailiyyətlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Çıxış edən rektor vəzifəsini icra edən Zəfər Qurbanov bildirib ki, Aqrar Universitetdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul olunan tədbirlər planı çərçivəsində işlər uğurla həyata keçirilir. Universitet-sənaye əməkdaşlığının əhəmiyyətindən danışan Z.Qurbanov kadr hazırlığı prosesində fermer və müəssisələrlə birgə görülən layihələrin vacibliyini diqqətə çatıdırıb. "Agrovit"in qış tətili günlərində Şimal-qərb bölgəsindən olan və aqrar sahədə təhsil alan tələbələrlə görüşü və onlar üçün Şirkətdə təşkil edilən tanışlıq turu yüksək qiymətləndirilib.
Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasının müdiri Firuddin Qurbanov taxıl bitkilərində sort və hibridalma, onların toxumçuluğu, nailiyyətlər və perspektivlər mövzusunda çıxış edib.
Sonra tədbirdə iştirak edən fermer və müəssisə nümayəndələrinin mövzu ətrafında fikirləri dinlənilib. Agrovit şirkətinin direktoru Cəfər Əliyev çıxış edərək, tələbələrin təhsili ilə yanaşı, gələcəkdə tam bir mütəxəssis kimi yetişmələri üçün praktiki hazırlığının önəmini vurğulayıb. Bildirilib ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində faydalanmaqdan çox, faydalı olmağı əldə rəhbər tutan Agrovit Şirkəti tələbələrin peşə hazırlığı və əyani təcrübə toplamaları üçün də lazımi şəraiti yaratmağa hazırdır.
Dəyirmi masadan sonra Azərbaycan Dövlət Aqrar Universiteti ilə “AGROVİT” MMC arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumun məqsədi müxtəlif təcrübə proqramlarının, seminar, dəyirmi masa və konfransların təşkil edilməsi həmçinin, gənc kadrların xüsusilə aqronomluq sahələrində fəaliyyət proseslərinə cəlb olunmasıdır.
Tədbir iştirakçıları sonda universitetin toxumçuluq sahələrinə baxış keçiriblər.