«Avrasiya Bank»ın plastik kart biznesi - 2 İLDİR ZƏRƏRLƏ İŞLƏYİR

«Avrasiya Bank»ın plastik kart biznesi

Plastik kartlar «Avrasiya Bank» üçün yenə də zərər mənbəyidir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, biznesinin plastik kart seqmenti banka 2 ildir ki, zərər gətirməkdədir.

Bankdan verilən məlumata görə, «Bank Avrasiya» öz müştərilərinin plastik kartlarla əməliyyatlardan 2024-cü ildə 1 milyon 174 min manat, 2025-ci ildə isə 1 milyon 553 min manat gəlir komissiya gəliri əldə edib.

Bununla yanaşı, bankın özünün bu əməliyyatlara xərclədiyi vəsait kartlardan gələn gəliri üstələyib. Belə ki, «Bank Avrasiya» 2024-cü ildə plastik kartlarla əməliyyatlar üzrə 1 milyon 677 min manat, 2025-ci ildə isə 2 milyon 460 min manat komissiya haqqı ödəyib.

Başqa sözlə, bank plastik kart əməliyyatları üzrə 2024-cü ildə 503 min manat, 2025-ci ildə isə 907 min manat zərər edib. 2 illik müddətdə ümumi zərər 1 milyon 410 min manat təşkil edib.

Ümumiyyətlə, «Bank Avrasiya» bütün komissiyalar üzrə gəlir və xərclərdə 2 ildir ki, zərərdədir. Nə 2024-cü ildə, nə də 2025-ci ildə bankın komissiya gəlirləri komissiya xərclərini qarşılaya bilməyib. 2024-cü ildə komissiyaların gəlir-xərc fərqi mənfi 110 min manat, 2025-də isə mənfi 425 min manat olub.

Bu vəziyyət, yəni bank biznesinin əsas gəlir maddələrindən birini təşkil edən sahənin hələ də mənfidə olması - bankın məhsul və xidmətlərindən istifadə səviyyəsinin və müştəri aktivliyinin hələ də lazımi (xərcləri qarşalayan) səviyyəyə çatmadığını göstərir.