Azərbaycan qadınının parlaq siması! - ŞƏRH
Azərbaycan qadını tarixin bütün dönəmlərində bacarığı, istedadı, işgüzarlığı, zəhməti, mərdliyi ilə seçilmişdir.
Doğma vətəninin müdafiəsindən tutmuş, siyasi və dövlət quruculuğu sahəsinə qədər əsl vətənpərvərlik nümunələri göstərmiş qadınlarımız ən başlıcası canı, qanı bahasına 30 ilə qədər işağal altında qalmış torpaqlarımızı yağı düşməndən azad edən Şəhidlərimizin, qəhrəman oğullarımızın anasıdır. Savaş meydanında şücaət göstərən igidləri doğru tərbiyə edən, onlara vətənpərvərlik hissi aşılayan, sağlam, fiziki cəhətdən layiqli vətəndaş kimi böyümələri üçün var qüvvəsini sərf edən qadınlarımız ana, müəllim, həkim, yazıçı, dövlət xadimi kimi öz vəzifələrinin öhdəsindən layiqincə gəldiyini artıq ən yüksək səviyyədə təsdiq etmişdir. Bu gün Azərbaycan qadının hüquqları ölkəmizdə ən yüksək səviyyədə qorunur.
Dövlət siyasətinin həyata keçrilməsində və qanunların qəbul edilməsində qadınların iştirakının artırılması dövlət siyasətinin ayrılmaz hissəsidir. Tarixə nəzər saldıqda görərik ki, Şərqdə ilk dəfə qadınlara 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində səsvermə hüququ verilmişdir. Bununla yanaşı 1921-ci il Azərbaycanda tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Xüsusi vurğulanmalıdır ki, bu qurultayın əsas qayəsini qadın azadlığı və ideyaları təşkil edirdi.
Qurultaydan sonra qısa müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi sahəsində böyük işlər həyata keçrildi, qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə inustutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi. 1923-cü ildə Azərbaycanda nəşrə başlayan “Şərq qadını” jurnalı qadın hərəkatı tarixində əlamətdar hadisə oldu. Azərbaycan mədəniyyətinin, teatrının, ədəbiyyatının, incəsənətinin inkişafına öz layiqli töhfələrini vermiş qadınlarımız olmuşdur.
Buna misal olaraq teatr sahəsində Leyla Bədirbəylini, Nəsibə Zeynalovanı, Şəfiqə Məmmədovanı, bəstəkarlarımızdan Ağabacı Rızayevanı, Firəngiz Əlizadənin, ədəbiyyatımızdan Xanımana Əlibəylini, Əzizə Cəfərzadəni, Nigar Rəfibəylinin nümunə göstərmək olar. Hər zaman üzərinə düşən vəzifələri, öhdəlikləri layiqincə yerinə yetirən Azərbaycan qadınları ölkəmizin müstəqillik yollarında gedən mübarizələrdə də ön sıralarda olmuşlar.
1990-cı ilin yanvarında törədilən qanlı faciənin qurbanları arasında qadınlar da olmuş, I Qarabağ müharibəsində həlak olan qadın Milli Qəhrəmanlarımız jurnalist Salatın Əsgərova, həkim Gültəkin Əsgərova, Vətən Müharibəsində həlak olmuş Arəstə Baxışova adlarını Azərbaycan tarixinə əbədi həkk etmişlər. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür,onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayır.”
Dilavər Qənbərov
Neftçala rayonu

