Azərbaycanda "MasterCard" kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı

Azərbaycanda "MasterCard" kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı

Aprel ayının sonuna olan vəziyyətə görə, Azərbaycanın rezident maliyyə qurumları (o cümlədən, statistik vahidlərin ödəniş kartları) tərəfindən buraxılmış "MasterCard" kartları vasitəsilə 82,462 milyon əməliyyat aparılıb, əməliyyatların ümumi məbləği 4,579 milyard manat təşkil edib.

BusinessTime bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin aprel ayı ilə müqayisədə əməliyyatların sayı 3,031 milyon (3,5 faiz) azalıb, əməliyyatların məbləği isə 1,081 milyard manat (19,1 faiz) artıb.

Qeyd edək ki, aprel ayının sonuna olan məlumata görə, banklar və “Azərpoçt” MMC sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 108 min ədəd artaraq 22 milyon 518 min karta çatıb.

Xatırladaq ki, mayın 8-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Mastercard” şirkəti arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bildirilib ki, əməkdaşlıq çərçivəsində ölkəmizdə qabaqcıl kibertəhlükəsizlik texnologiyasının tətbiqi, təşkilati və ekosistem səviyyəsində kiberdayanıqlılığın gücləndirilməsi, startapların inkişafı və innovasiyanın dəstəklənməsi, o cümlədən kibertəhlükəsizlik sahəsində peşəkar bacarıqların və liderlik potensialının artırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Mastercard” 200-dən çox ölkədə fəaliyyət göstərən və əsasən ödəniş sistemləri üzrə ixtisaslaşan qlobal texnologiya şirkətidir. Şirkət qabaqcıl texnologiyalar, kibertəhlükəsizlik həlləri və dataya əsaslanan xidmətlər vasitəsilə təhlükəsiz və inklüziv rəqəmsal əməliyyatların həyata keçirilməsi istiqamətində həllər təqdim edir. “Mastercard” hökumətlərə, özəl sektora və fərdlərə uzunmüddətli və dayanıqlı rəqəmsal ekosistemin qurulmasında dəstək olmaq məqsədilə innovasiya, qlobal tərəfdaşlıq və rəqəmsal infrastrukturun inkişafını təşviq edir.