Azərbaycanda vergi daxilolmaları 1 milyard manatdan çox artıb

Azərbaycanda vergi daxilolmaları 1 milyard manatdan çox artıb

2026-cı ilin yanvar–avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 12 milyard 619,1 milyon manat vergi daxil olub.

BusinessTime Dövlət Vergi Xidmətinin məlumatına istinadən xəbər verir ki, vergi daxilolmalarının həcmi proqnoza nisbətən 900,1 milyon manat çox olub.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 1 milyard 58 milyon manat və ya 9,2% artıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 milyard 468,7 milyon manat təşkil edib. Bu sektor üzrə dövlət büdcəsinə proqnozdan əlavə 281,7 milyon manat vəsait ödənilib.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 34,1 milyon manat və ya 12,3% artıb.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2026-cı ilin yanvar–avqust aylarında 4 milyard 546,6 milyon manat olub. Bu istiqamətdə proqnozdan əlavə 252,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 3 milyard 52,7 milyon manatdan çox təşkil edib.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 161,8 milyon manata yaxın olub. Bu istiqamətdə proqnozdan əlavə 7,5 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 125,3 milyon manatdan çox təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 682 milyon manatdan çox olub. Bu istiqamətdə proqnozdan əlavə 17,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 456,3 milyon manata yaxın təşkil edib.