Azərbaycanın beynəlxalq yük daşımaları rəqəmsallaşır
Azərbaycandan Türkiyə və Rusiyaya e-CMR elektron qaiməsi tətbiq olunmaqla ilk sınaq yük daşınmasının cari ilin sonuna qədər həyata keçirilməsi proqnozlaşdırılır.
Bunu "Azərbaycan Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin baş katibi Kənan Qurbanov Bakıda keçirilən beşinci "Qara dəniz-Xəzər logistika forumu 2026"da bildirib.
O, qeyd edib ki, bir sıra digər ölkələrlə yanaşı, Azərbaycan da e-CMR elektron nəqliyyat qaiməsi Protokoluna qoşulub. "Hazırda iki əsas tərəfdaşla - Türkiyə və Rusiya ilə intensiv iş aparılır. Biz e-CMR-dən istifadə etməklə ilk sınaq daşımasının artıq bu ilin sonunadək reallaşdırılacağını gözləyirik. Söhbət beynəlxalq avtomobil yük daşımaları sahəsində ən vacib sənədlərdən birindən gedir. Bundan başqa, ötən ay e-TIR rəqəmsal sistemi əsasında ilk pilot daşıma uğurla həyata keçirilib. Bu, Gömrük Konvensiyası çərçivəsində beynəlxalq sənəddir və e-TIR üzrə ilk tranzit əməliyyatı Türkmənistan və Azərbaycan arasındakı marşrutda icra edilib.
Hazırda üzərində işlədiyimiz növbəti mərhələdə Türkiyə ilə birlikdə e-TIR sistemi üzrə analoji daşımanın başlanması planlaşdırılır", - K.Qurbanov əlavə edib.


