Azərbaycanda yeni avtobus dayanacaqları quraşdırılacaq
Bakıda və regionlarda yeni avtobus dayanacaqları quraşdırılacaq.
Bu barədə İqtisadiyyat.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat əldə edib.
Məlumata görə, yeni dayanacaq pavilyonlarının quraşdırılması işləri paytaxtla yanaşı ölkənin digər regionlarını da əhatə edəcək.
Belə ki, AYNA ümumilikdə 300 dayanacaq pavilyonunun quraşdırılmasını nəzərdə tutub.
Məlumata görə, onlardan 142-nin Bakı-Xızı-Abşeron ərazisində, 10-nun Gəncə-Daşkəsən-Qazax ərazisində, 8-nin Qarabağ və Şərqi Zəngəzur regionu ərazisində, 22-nin Quba- Xaçmaz, Dağlıq Şirvan ərazisində, 10-nun Şəki - Zaqatala ərazisində, 11-nin Lənkəran- Astara ərazisində, 80-nin Naxçıvan Muxtar Respublikası ərazisində, 6-nın Şirvan-Salyan, Mil-Muğan ərazilərində və 11-nin isə Mərkəzi-Aran rayonları ərazisində isə quraşdırılacağı planlaşdırılıb.
Qeyd olunan dayanacaq pavilyonlarının quraşdırılmasına 3 milyon 654 min manat vəsaitin (birinin təxminən 12 min manata) sərf ediləcəyi proqnozlaşdırılıb.

