Azərbaycan İsveçrəyə neft ixracını 3 dəfə artırıb

Azərbaycan İsveçrəyə neft ixracını 3 dəfə artırıb

Azərbaycan 2026-cı ilin ilk 8 ayında İsveçrəyə 272,5 min ton xam neft ixrac edib. İxracın dəyəri 193,6 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə İsveçrəyə 89,7 min ton və ya 53,9 milyon dollarlıq neft göndərilmişdi. Beləliklə, fiziki həcm 3 dəfə, ixrac gəliri isə 3,6 dəfə artıb.

Banker.az-ın hesablamasına görə, Azərbaycanın İsveçrəyə satdığı xam neftin bir tonunun orta ixrac qiyməti 2025-ci ilin ilk 8 ayındakı təxminən 600 dollardan 710 dollara yüksəlib. Bu, illik 18,3% artım deməkdir.

Bununla belə, avqustda ixrac qeydə alınmayıb.

Azərbaycan hələ İsveçrənin əsas xam neft təchizatçısı deyil. “Avenergy Suisse”in 2025-ci il hesabatına görə, İsveçrə ötən il ümumilikdə 3,05 milyon ton xam neft idxal edib. Bunun 49,9%-i və ya 1,52 milyon tonu ABŞ-dan, 35,4%-i Nigeriyadan, 5%-i Qazaxıstandan, 2,8%-i Azərbaycandan, 2,6%-i isə Liviyadan daxil olub. ABŞ və Nigeriyanın birlikdə payı 85%-i ötüb.

2024-cü ildə də ABŞ əsas təchizatçı idi. İsveçrənin xam neft idxalının 54,5%-i ABŞ, 36,9%-i Nigeriyanın payına düşürdü. Həmin il “Avenergy Suisse” statistikası Azərbaycan üzrə xam neft tədarükü göstərmirdi. 2025-ci ildə isə Azərbaycan yenidən ilk beş təchizatçı sırasına daxil olaraq 85,5 min ton və 2,8% payla dördüncü yeri tutub.

2026-cı ildə də əsas təchizatçı ABŞ olaraq qalır. İsveçrənin SRF telekanalı iyulda yazırdı ki, ölkəyə daxil olan xam neftin təxminən yarısı ABŞ-dan, 35%-i Nigeriyadan, 5%-i Qazaxıstandan gəlir. Qalan hissə əsasən Azərbaycan və Liviyanın payına düşür.

İsveçrənin ABŞ-dan asılılığı son illərdə sürətlə artıb. SRF-in gömrük statistikası əsasında apardığı hesablamaya görə, 2025-ci ildə ölkə ABŞ-dan rekord 1,5 milyon ton xam neft alıb və bunun üçün 691 milyon frank ödəyib. ABŞ 2023-cü ildən İsveçrənin ən böyük xam neft təchizatçısıdır.

Xam neft İsveçrənin yeganə fəaliyyət göstərən neft emalı müəssisəsi olan “Cressier” zavodunda emal edilir. Zavod ölkənin benzin, dizel və digər neft məhsullarına tələbatının təxminən 30%-ni qarşılayır, qalan hissə əsasən Avropa ölkələrindən hazır neft məhsulları şəklində idxal olunur.

Hazırda İsveçrədə neft təminatı ayrıca gündəmdədir. Sentyabrın əvvəlində “Cressier” zavodunun texniki nasazlıq səbəbindən müvəqqəti dayanması və Reyn çayında suyun səviyyəsinin aşağı olması yanacaq logistikasını çətinləşdirib. İsveçrə hökuməti sentyabrın 8-dən 20-dək məcburi ehtiyatlardan 30 min kubmetr dizel və eyni həcmdə benzin istifadəsinə icazə verib, lakin ölkənin enerji təminatının davam etdiyini bildirib