Səfərdə gözlənilməz tibbi xərc yaranarsa, sığorta nəyi qarşılayır?
“A-Qroup Sığorta Şirkəti” ASC ölkə xaricinə istirahət və ya iş məqsədilə səfər edən şəxslər üçün səfər sığortası məhsulu təqdim edir.
Şirkətin məlumatına görə, səfər sığortası müqaviləsi çərçivəsində sığorta olunan şəxsin xaricdə qəfil xəstələnməsi və ya bədbəxt hadisə ilə üzləşməsi zamanı müəyyən tibbi və digər xərclər üzrə təminatlar nəzərdə tutulur.
Sığorta məhsulunun təminatlarına tibbi xərclər, o cümlədən xəstəxanada stasionar və ya ambulator müalicə, əməliyyatlar və dərmanlarla bağlı xərclər daxildir.
Bundan başqa, tibbi-nəqliyyat xərcləri, yəni sığorta olunan şəxsin xəstəxanaya çatdırılması və yerləşdirilməsi ilə bağlı xərclər də təminat çərçivəsində nəzərdə tutulur.
Səfər sığortası üzrə repatriasiya xərcləri, həmçinin servis mərkəzinin yardımın təşkili ilə əlaqədar sığorta qaydalarında nəzərdə tutulmuş xərclər qarşılanır.
Zərurət yarandıqda sığorta olunan şəxsin və ya sığorta hadisəsi nəticəsində nəzarətsiz qalmış, onunla birlikdə səyahət edən uşaqlarının daimi yaşadığı ölkəyə ekonom sinif nəqliyyatı ilə bir tərəfli gedişi üçün çəkilən nəqliyyat xərclərinin ödənilməsi də təminatlar sırasında yer alır.
Şirkətin məlumatına əsasən, sığorta olunan şəxslər səfər zamanı müqavilədə göstərilən telefon nömrələri vasitəsilə Assistance xidməti ilə əlaqə saxlaya bilərlər.


