1 milyon dollar uğrunda mübarizə aparacaq startap müəyyənləşib

1 milyon dollar uğrunda mübarizə aparacaq startap müəyyənləşib

Bakıda keçirilən “Baku ID 2026” innovasiya festivalı çərçivəsində “Startup World Cup” beynəlxalq startap yarışmasının Azərbaycan üzrə regional finalının qalibi müəyyənləşib.

Valyuta.az xəbər verir ki, regional finalda Qazaxıstanı təmsil edən 4sell.ai startapı qalib gələrək “Startup World Cup”ın qlobal finalında iştirak hüququ qazanıb.

Yarışın regional mərhələsində iştirak üçün 20 ölkədən ümumilikdə 160 startap müraciət edib. 

Qiymətləndirmənin nəticələrinə əsasən, onların arasından 10 startap final mərhələsinə seçilib. 

Finalçılar biznes modellərini, texnoloji həllərini və böyümə potensialını yerli və beynəlxalq ekspertlərdən ibarət jüri heyəti qarşısında təqdim ediblər.

Yekun qiymətləndirmənin nəticələrinə görə, 4sell.ai regional finalın qalibi olub.

4sell.ai bizneslər üçün süni intellekt əsaslı satış və xidmət keyfiyyətinə nəzarət sistemi təqdim edir. 

Platforma əməkdaşların müştərilərlə ünsiyyətini və satış skriptlərinə əməl etməsini təhlil edir, həyata keçirilməyən əlavə satış imkanlarını müəyyənləşdirir və işçilərin fəaliyyət göstəricilərini izləyir.

Sistem, həmçinin bonusların avtomatik hesablanması, reytinq cədvəlləri və fərdi tapşırıqlar kimi oyunlaşdırma mexanizmləri vasitəsilə əməkdaşların satış motivasiyasının artırılmasına imkan yaradır.

Qalib noyabrın 6-da ABŞ-nin San-Fransisko şəhərində keçiriləcək “Startup World Cup Grand Finale” yarışmasında iştirak edəcək. 

Startap qlobal finalda 1 milyon ABŞ dolları həcmində investisiya mükafatı uğrunda mübarizə aparacaq.