Sığorta ödənişinin verilib-verilməyəcəyi neçə günə bəlli olur?
Sığorta hadisəsi baş verdikdə zərərin hansı qaydada hesablanacağı və sığorta ödənişi ilə bağlı qərarın verilməsi müddəti müəyyənləşib.
Valyuta.az xəbər verir ki, “Xalq Sığorta” ASC-nin maliyyə risklərinin sığortası qaydalarına əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərər faktiki zərərin məbləği əsasında hesablanır. Ödəniş isə müvafiq risk üzrə müəyyən edilmiş sığorta məbləğindən çox ola bilməz.
Qaydalarda qiymətli kağızlar və xarici valyuta üzrə zərərin hesablanması qaydası da ayrıca göstərilib. İtirilmiş qiymətli kağız və ya xarici valyutanın dəyəri, bir qayda olaraq, zərərin aşkar edildiyi gün üzrə bazar qiyməti əsasında müəyyən edilir. Həmin gün üçün bazar qiyməti barədə məlumat olmadıqda məbləğ sığortalı ilə sığortaçının razılaşması əsasında müəyyənləşdirilir. Razılıq əldə olunmazsa, məsələ məhkəmə qaydasında həll edilir.
Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər təqdim edildikdən sonra sığortaçı 15 iş günü ərzində ödənişin verilməsi və ya bundan imtina olunması barədə qərar qəbul etməlidir.
Zərərin səbəbini və məbləğini təqdim edilmiş sənədlərlə müəyyənləşdirmək mümkün olmadıqda isə sığortaçı ekspertiza və ya təhqiqat apara bilər. Belə halda sığorta aktı araşdırma başa çatdıqdan sonra 3 gün ərzində, lakin zərərin baş verdiyi tarixdən 6 aydan gec olmayaraq imzalanmalıdır.
Qaydalara görə, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması üçün çəkilən məqsədyönlü xərclər də zərərin məbləğinə daxil edilə bilər. Bununla belə, ümumi ödəniş sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğini keçə bilməz.
Həmçinin sonradan sığorta ödənişindən imtina üçün qanunvericilikdə və ya qaydalarda nəzərdə tutulan əsasların olduğu müəyyən edilərsə, əvvəllər verilmiş sığorta ödənişi sığortaçıya qaytarılmalıdır.


