“Cəmiyyət və sosial inteqrasiya” layihəsi çərçivəsində görüş keçirilib

“Cəmiyyət və sosial inteqrasiya” layihəsi çərçivəsində görüş keçirilib

“Sosial Məsələlərin Həllinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və təşəbbüsü, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və “LOQOS” Psixoloji və Nitq Mərkəzinin tərəfdaşlığı və dəstəyi ilə “Cəmiyyət və sosial inteqrasiya” layihəsi çərçivəsində görüş keçirilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İlk öncə qonaqlar “LOQOS Qadın Uzunömürlülük Rezidensiyası” və onun nəzdində fəaliyyət göstərən mərhum Millət Vəkili Qənirə Paşayevanın xatirə muzeyi ilə tanış olublar. Qonaqlara rezidensiyanın fəaliyyəti, burada yaradılan şərait, eləcə də Qənirə Paşayevanın həyat və ictimai fəaliyyətinə həsr olunmuş muzey barədə məlumat verilib.

Daha sonra görüşü “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin sədri və “Loqos” Psixoloji və Nitq Mərkəzinin layihə rəhbəri Nərmin Daşdəmirbəyli açaraq iştirakçıları salamlayıb və layihə haqqında ətraflı məlumat verib. Bildirilib ki, layihənin əsas məqsədi cəmiyyətin müxtəlif təbəqələri arasında sosial inteqrasiyanın gücləndirilməsi, sosial məsələlərin müzakirəsi, mövcud problemlərin həlli istiqamətində fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də birgə təşəbbüs və əməkdaşlığın təşviq edilməsidir.

“LOQOS ” Psixoloji və Nitq Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva çıxış edərək mərkəzin fəaliyyəti, əsas fəaliyyət istiqamətləri, müraciətlər zamanı daha çox rast gəlinən hallar və onların həlli istiqamətində görülən işlər barədə məlumat verib. O, sosial və psixoloji məsələlərin vaxtında müəyyənləşdirilməsinin, düzgün yanaşma və mütəxəssis dəstəyinin əhəmiyyətindən danışıb.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Eldəniz müəllim, YAP Nizami Rayon Təşkilatının sədr müavini Rəşadət Xaliqov, DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyev, AQUPDK-nın Hüquqşunası Tural Hüseynzadə, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Nihat Musayev, QHT sədrləri, Elm və Təhsil Nazirliyi yanında uşaqların müdafiəsi idarəsi, Təhsil Tələbə Krediti Fondunun İnnovasiya və layihələr şöbəsinin aparıcı mütəxəssisi, “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbər müavini Aygün Namazova, Mərkəzin təlim-tədris şöbəsinin rəhbəri, klinik psixoloq Günel Axundova, “İctimai.az” informasiya portalının təsisçisi Rəşad Bayramov, həmçinin LOGAcademy-nin təsisçisi və rəhbəri çıxış ediblər.

Çıxışlarda təmsil olunan qurum və təşkilatların fəaliyyəti, sosial istiqamətdə həyata keçirilən işlər, müxtəlif sosial qruplarla iş, mövcud problemlər və onların həlli yolları barədə məlumat verilib. Həmçinin dövlət qurumları, QHT-lər və digər vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra tədbir iştirakçıları mövzu ətrafında öz fikir və təkliflərini bölüşüblər. Sosial məsələlərin həlli, cəmiyyətin müxtəlif təbəqələrinin inteqrasiyası, birgə təşəbbüslərin həyata keçirilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş müzakirə və təkliflərlə davam etdirilib.

Sonda layihə çərçivəsində bu istiqamətdə görüşlərin, fikir mübadilələrinin və əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub və xatirə fotosu çəkilib.