Nissan İngiltərədə yeni avtomobil istehsalına başlayır
Nissan Böyük Britaniyadakı Sunderland zavodunda yeni hibrid SUV modelinin istehsalı üçün 170 milyon funt sterlinq investisiya yatıracaq.
BusinessTime The Guardian-a istinadla xəbər verir ki, şirkət yeni Kicks modelinin Avropada ilk dəfə məhz Sunderland zavodunda istehsal olunacağını açıqlayıb. Zavodda hazırda təxminən 6 min nəfər çalışır və müəssisə istehsal gücünün yalnız yarısından istifadə edir.
Kicks modeli artıq 70-dən çox bazarda satılır, lakin indiyədək Avropada istehsal edilməyib. Yeni layihə zavodda istehsal olunan Nissan modellərinin sayını dördə çatdıracaq.
Şirkət bildirir ki, investisiya yeni iş yerlərinin kəskin artırılmasından daha çox mövcud məşğulluğun qorunmasına və zavodun fəaliyyətinin davamlılığına yönəlib.
Nissan-ın Avropa, Asiya, Afrika və Okeaniya üzrə rəhbəri Massimiliano Messina bildirib ki, layihənin həyata keçirilməsi Böyük Britaniyada elektrik avtomobillərinin satışına dair qaydaların dəyişdirilməsi məsələsi ilə də əlaqəlidir.


