Azərbaycanın inkişaf modelinin əsas xüsusiyyətləri - ŞƏRH
Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Möhtərəm Prezident cənab lham Əliyev Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunu enerji resurslarının səmərəli idarə olunmasının nəticəsi kimi qiymətləndirdi. Çıxışda vurğulandı ki, ölkənin əldə etdiyi iqtisadi, sosial və hərbi nailiyyətlərin təməlində təbii sərvətlərdən düşünülmüş və strateji şəkildə istifadə dayanır.
Sevindiricidir ki, bu gün Azərbaycan iqtisadiyyatının əsas göstəriciləri müsbət dinamika nümayiş etdirir. Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində ölkənin mövqeyi möhkəmlənmiş, investisiya cəlbediciliyi artmışdır. Yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faizə qədər azalması iqtisadi inkişafın sosial rifaha çevrildiyini göstərən mühüm göstəricilər kimi təqdim olundu. Çıxışda maliyyə müstəqilliyi məsələsinə də xüsusi diqqət ayrıldı. Ölkə başçısı qeyd etdi ki, müstəqilliyin ilk illərində xarici maliyyə mənbələrinə ehtiyac olsa da, sonrakı dövrdə dövlət siyasəti borclanmanın azaldılmasına və maliyyə dayanıqlığının gücləndirilməsinə yönəldilib. Nəticədə Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təxminən 6 faizi səviyyəsinə enib ki, bu da beynəlxalq miqyasda ən aşağı göstəricilərdən biri hesab olunur. Ən diqqətçəkən məqamlardan biri isə ölkənin strateji valyuta ehtiyatları ilə bağlı səsləndirilən rəqəmlər oldu.
Prezidentin bildirdiyinə görə, Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanmış ehtiyatlar xarici borcun həcmini 18 dəfədən çox üstələyir. Bu fakt Azərbaycanın maliyyə təhlükəsizliyinin yüksək səviyyədə olduğunu və xarici təsirlərdən nisbətən az asılı vəziyyətdə fəaliyyət göstərdiyini göstərir.
Çıxışın mühüm hissəsi enerji gəlirlərinin dövlət quruculuğuna və müdafiə qabiliyyətinin gücləndirilməsinə təsirinə həsr olundu. Dövlət başçısı vurğuladı ki, iqtisadi imkanlar güclü ordunun formalaşdırılmasına şərait yaradıb. Bu kontekstdə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı əldə edilən tarixi Qələbə ölkənin iqtisadi gücü ilə hərbi potensialı arasındakı əlaqənin nümunəsi kimi təqdim edildi.
Dövlət başçısının fikrincə, döyüş ruhu və vətənpərvərlik əsas amillər olsa da, müasir ordunun qurulması üçün güclü iqtisadi baza da vacib şərtdir. Bu baxımdan Azərbaycan modeli təbii sərvətlərin sadəcə gəlir mənbəyi deyil, milli inkişafın, dövlət müstəqilliyinin və təhlükəsizliyin təmin edilməsində strateji vasitə kimi istifadə oluna biləcəyini nümayiş etdirir.
Cənab Prezidentin çıxışından çıxan əsas nəticə ondan ibarətdir ki, təbii ehtiyatların mövcudluğu ölkənin uğurunu təmin etmir; həlledici amil həmin resurslardan əldə olunan gəlirlərin uzunmüddətli milli maraqlara uyğun idarə edilməsidir. Azərbaycanın son otuz ildə qazandığı nailiyyətlər məhz bu yanaşmanın praktik nəticəsi kimi təqdim olunur.
Ataş Əsədov
Neftçala rayonu


