Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,11 milyard dollar olub
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının ümumi həcmi 2,110 milyard ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 960 milyon ABŞ dolları və ya 31,3% azalıb.
Rusiya Azərbaycanın ümumi ticarət dövriyyəsində 7,22% payla ölkənin ən böyük ticarət tərəfdaşları sırasında 5-ci pillədə qərarlaşıb.
Hesabat dövründə Azərbaycandan Rusiyaya 749,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 milyon ABŞ dolları və ya təqribən 3,9% çoxdur. Bu göstərici ilə Rusiya Azərbaycanın ən çox ixrac əməliyyatı həyata keçirdiyi ölkələr sırasında 4-cü yerdə olub.
Yanvar-iyul aylarında Rusiyaya ixracın 731,7 milyon ABŞ dolları hissəsini qeyri-neft məhsulları təşkil edib. Bu göstərici ötən ilin ilk 7 ayı ilə müqayisədə 15 milyon ABŞ dolları və ya 2,1% artıb.
Hesabat dövründə Azərbaycanın ümumi qeyri-neft məhsulları ixracında Rusiyanın payı 12,33% təşkil edib və ölkə bu göstərici üzrə 2-ci mövqedə qərarlaşıb.
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Rusiyadan 1,360 milyard ABŞ dolları dəyərində məhsul idxal edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 988,3 milyon ABŞ dolları və ya 42,1% azalma deməkdir.
Beləliklə, Rusiya hesabat dövründə Azərbaycanın ən çox idxal əməliyyatı həyata keçirdiyi ölkələr sırasında 2-ci pillədə yer alıb.


