Azərbaycanla Dominikan arasında birbaşa aviareyslər açıla bilər

Azərbaycanla Dominikan arasında birbaşa aviareyslər açıla bilər

Azərbaycanla Dominikan arasında birbaşa aviareyslərin açılması hər iki ölkəyə turist axınına xidmət edə bilər.

BusinessTime xəbər verir ki, bu barədə məsələlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin rəhbəri Göydəniz Qəhərmanovla Dominikan Respublikasının Türkiyədəki səfiri Elvis Alam ilə keçirilən işgüzar görüşdə müzakirə edilib.

Turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı əlaqələrin formalaşdırılması məqsədi ilə baş tutan görüş çərçivəsində birgə iş birliyinin formalaşdırılması, B2B formatlı görüşlərin keçirilməsi, tanıtım məqsədli qarşılıqlı infoturların təşkili, kombo turların hazırlanması, kommunikasiya əlaqələrinin inkişafı, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Göydəniz Qəhrəmanov ilk olaraq səfirə Assosiasiyanın fəaliyyəti, ölkə turizminin bərpasında  və inkişafındakı rolu, quruma üzv olan şirkətlərlə əməkdaşlıq imkanları haqqında məlumat verib.

Azərbaycanın həm gəlmə, həm də getmə turizmi ilə məşğul olan şirkətləri üçün yeni istiqamətlərin açılmasının vacibliyinə toxunan Assosiasiya sədri ATAA-nın pandemiyadan sonra ölkənin turizm baxımından cəlbediciliyinin artırılması, mövcud turizm destinasiyalarının və  məhsullarının yeni turizm bazarlarında təşviqində maraqlı olduğunu bildirib.

Dominikan Respublikasının geniş turizm potensialına sahib olduğunu diqqətə çatdıran səfir Elvis Alam ada ölkəsində istirahət, eko və sağlamlıq turizminin geniş yayıldığını, əlverişli iqliminə görə il ərzində uzaq ölkələrdən belə böyük sayda turistin səfər etdiyini vurğulayıb. Səfir ölkəsində fəaliyyət göstərən turoperatorlar və turizm şirkətləri ilə ATAA arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasına dəstək göstərməyə hazır oluduğunu bildirib.