Bakı mobil internetin sürətinə görə yenidən irəliləyib

Bakı mobil internetin sürətinə görə yenidən irəliləyib

Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 181 ölkə arasında 29,29 Mb/s sürətlə 119-cu yerdə qərarlaşıb.

AZƏRTAC “Speedtest Global Index” hesabatına istinadla xəbər verir ki, bu göstərici üzrə Azərbaycan avqust ayı ilə müqayisədə 1 pillə irəliləyib. Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Çinin Xüsusi Administrativ Regionu (SAR) olan Hong Kong (265,17 Mb/s), axırıncı yeri isə Kuba (2,13 Mb/s) tutub.

Hesabata əsasən, Azərbaycan sentyabrda mobil internetin sürətinə görə isə 141 ölkə arasında 44,88 Mb/s sürətlə 56-cı yerdə qərarlaşıb. Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (211,58 Mb/s), sonuncu - 141-ci yeri isə Əfqanıstan (4,89 Mb/s) tutub.

Sentyabrda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə irəliləyərək 46,73 MB/S sürətlə 169 şəhər arasında 72-ci yerə sahiblik edib. Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 255,07 Mb/s sürətlə Dubay şəhəri, sonuncu yeri isə 4,73 Mb/s sürətlə Əfqanıstanın paytaxtı Kabil şəhəri tutub.

Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,52 Mb/s sürətlə 140-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 190 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 270,24 Mb/s sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 2,13 Mb/s sürətlə sonuncu olub.