Bakı və İstanbul hava limanlarında transfer
“Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Türk Hava Yolları” Bakı və İstanbul hava limanlarında transfer prosesini sadələşdirib
Məlumata görə, Azərbaycan və Türkiyənin milli aviadaşıyıcıları öz sərnişinləri üçün Bakı və İstanbul hava limanlarında transfer prosesini daha rahat və səmərəli etmək üçün səylərini birləşdirib.
Belə ki, AZAL-ın Bakıdan İstanbula və ondan sonra “Türk Hava Yolları” reyslərində səyahət edən sərnişinlər vahid minik talonu əldə edə və bütün marşrut üzrə baqajlarını son təyinat məntəqəsinə qədər rəsmləşdirə bilərlər.
Bu əməkdaşlıq sayəsində bir aviaşirkətdən digərinə keçid daha rahat olacaq və sərnişinləri vaxtlarına qənaət edərək lazımsız rəsmiyyətlərdən azad edəcəkdir.
Əldə edilən razılıq həm marşrut şəbəkəsinin müxtəlif məntəqələrindən səfərlərini davam etdirmək üçün “Türk Hava Yolları”nın uçuşlarını seçən AZAL sərnişinləri, həm də Bakı vasitəsilə İstanbuldan səyahət edənlər üçün maksimal rahatlıq təmin edəcək.
İki milli aviadaşıyıcının səylərinin birləşdirilməsi xidmət keyfiyyətini və sərnişin rahatlığını yaxşılaşdırmaq üçün daim təkmilləşmək və qabaqcıl həllər təklif etmək təşəbbüsünün göstəricisidir.