"Bank Avrasiya" ili xalis mənfəət ilə başa vurub

"Bank Avrasiya" ili xalis mənfəət ilə başa vurub

"Bank Avrasiya" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

"Bank Avrasiya" ASC 2022-ci ili 1 milyon 815 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 793 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "Bank Avrasiya"nın xalis mənfəəti 2,3 dəfə və ya 1 milyon 22 min manat artıb.

2022-ci ildə "Bank Avrasiya"nın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 15 milyon 524 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 11,3% və ya 1 milyon 572 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 13 milyon 952 min manat təşkil etmişdi.

2022-ci ildə "Bank Avrasiya"nın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 9 milyon 114 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 16% və ya 1 milyon 262 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 7 milyon 852 min manat təşkil etmişdi.

"Bank Avrasiya"nın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən ötən il əməliyyat mənfəəti 6 milyon 410 min manat təşkil edib. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 6 milyon 100 min manat olmuşdu.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsait 2021-ci ildə 5 milyon 90 min manat ikən, 2022-ci ildə 4 milyon 10 min manat təşkil edib. Həm əməliyyat mənfəətinin artması, həm də mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin azalması xalis mənfəətin artmasını təmin edib. 

2021-ci illə müqayisədə" Bank Avrasiya"nın cəmi aktivləri 34% artaraq 224 milyon 268 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 9,7% artaraq 125 milyon 352 min manata yüksəlib.

Ötən il "Bank Avrasiya"nın istehlak kreditləri portfeli 4 milyon 955 min manat artaraq 8 milyon 876 min manata, ipoteka kreditləri portfeli 10 milyon 729 min manat artaraq 49 milyon 574 min manata yüksəlib, biznes kreditləri portfeli isə 4 milyon 554 min manat azalaraq 66 milyon 900 min manata düşüb.

Bankda depozitlər 59,2% artaraq 79 milyon 699 min manata çatıb. "Bank Avrasiya"da həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitləri artıb.

31 Dekabr 2022-ci il tarixində "Bank Avrasiya" ASC 72 milyon 784 min manat məcmu kapitala malik olub, bu da Mərkəzi Bankın 50 milyon manat olan minimal tələbindən yüksəkdir.