"Bank of Baku" maliyyə vəziyyətini açıqlayıb
"Bank of Baku" ASC bu ilin I yarısını 16,076 milyon manat xalis mənfəətlə başa vurub.
BusinessTime Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 % çoxdur.
Yanvar-iyun aylarında "Bank of Baku"nun gəlirləri 116,581 milyon manat (1 il əvvələ nisbətən 26,3 % çox), xərcləri 93,183 milyon manat (26,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,33 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 4,993 milyon manat (1,3 % çox) təşkil edib.
Bu il iyulun 1-nə "Bank of Baku"nun aktivləri 1 milyard 391,562 milyon manat olub ki, bu da illik müqayisədə 33,2 % çoxdur. Bunun 1 milyard 5,37 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32,8 % böyüyüb.
Hesabat dövründə "Bank of Baku"nun öhdəlikləri 36,5 % artaraq 1 milyard 210,272 milyon manata, o cümlədən depozit portfeli 43,5 % artaraq 948,889 milyon manata, balans kapitalı isə 14,5 % artaraq 181,29 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.


