“CMS Properties” MMC-nin gəlirləri azalıb, zərəri artıb

“CMS Properties” MMC-nin gəlirləri azalıb,

“CMS Properties” MMC-nin 2024-cü il üzrə konsolidasiya edilmiş maliyyə nəticələrinə əsasən şirkətin gəlirləri kəskin azalıb.

İl ərzində gəlirlər 5.26 mln. manat təşkil edib ki, bu da 2023-cü ildə qeydə alınmış 19.07 mln. manatla müqayisədə ciddi geriləməni göstərir. Eyni dövrdə satışların maya dəyəri 1.95 mln. manat olub (2023: 19.77 mln. manat). Nəticədə ümumi xalis gəlir 3.31 mln. manat təşkil etsə də, yüksək inzibati xərclər mənfəətliliyə təzyiq göstərib.

İnzibati xərclərin 9.51 mln. manata yüksəlməsi fonunda şirkət 6.21 mln. manat əməliyyat zərəri ilə üzləşib. Vergidən əvvəlki və xalis zərər də eyni səviyyədə qalaraq 6.21 mln. manat təşkil edib ki, bu da ötən illə müqayisədə (6.11 mln. manat zərər) demək olar ki, dəyişməz qalıb.

Balans hesabatına əsasən, şirkətin cəmi aktivləri 179.78 mln. manata yüksəlib (2023: 175.60 mln. manat). Uzunmüddətli aktivlər 150.82 mln. manat, qısamüddətli aktivlər isə 28.95 mln. manat təşkil edib. Kapital bazası güclənərək 177.22 mln. manata çatıb (2023: 165.58 mln. manat), bununla belə bölüşdürülməmiş zərər 27.71 mln. manata yüksəlib.

Öhdəliklər hissəsində isə azalma müşahidə olunub və cəmi öhdəliklər 2.56 mln. manata düşüb (2023: 10.02 mln. manat). Pul vəsaitlərinin hərəkəti hesabatına görə, əməliyyat fəaliyyətindən 13.57 mln. manat mənfi pul axını qeydə alınıb, investisiya fəaliyyətində 9.3 mln. manatlıq çıxış, maliyyələşdirmə fəaliyyətindən isə 22.05 mln. manatlıq daxilolma baş verib. İl sonunda pul vəsaitləri və ekvivalentləri 1.20 mln. manat təşkil edib.

Xatırladaq ki, “CMS Properties” MMC Azərbaycanda fəaliyyət göstərən iri akvakultura və qara kürü istehsalı şirkətidir. Şirkət əsasən nərə balığının yetişdirilməsi, qara kürü istehsalı və satışı ilə məşğuldur. Onun ən tanınmış layihəsi Pirallahı rayonunda yerləşən “Nərəkənd” balıqyetişdirmə kompleksidir. Şirkət eyni zamanda Xəzər dənizində neft-qaz sektoruna xidmət göstərən Caspian Marine Services (CMS Group) qrupunun tərkibinə daxildir.

Banker