Dərin tarixi keçmişə malik olan Milli Mətbuatımız

Dərin tarixi keçmişə malik olan Milli Mətbuatımız

Ölkəmizin milli mətbuatının tarixi 1975-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə başlayır. O zaman Çar Rusiyası qəzetin nəşrinə çox çətinliklə razılıq vermişdir, çünki xalqın savadlanması, müasir dünya mədəniyyətinə yiyələnməsi onlara sərf etmirdi.  Bir tərəfdən də ölkəni daim mövhumata sürükləyən yalançı din xadimləri də daim işiqlı ziyalıların yolunda maneə olmuşlar.

Lakin bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, böyük ziyalı, xalqını sonsuz bir məhəbbətlə sevən H.Zərdabi qəzetin nəşrinə nail olur. Adının “Əkinçi” olmasına baxmayaraq, qəzetinin proqramı çox zəngin idi. Bu zəngin proqram içərisində xalqı nadanlıqdan, maarifsizlikdən, gerilikdən, savadsızlıqdan çıxarıb, geniş mədəniyyət yoluna aparmaq, təhsil, elm sahəsində ona öz hüququnu başa salmaq, savadlı etmək, məktəb açıb onları oxutmaq məsələsi geniş yer tuturdu. Qəzet yazırdı ki, xalqımızın inkişafına mane olan səbəblərdən biri də mövhumatdır. Mədəniyyət inkişaf edir, yeni ixtiralar, kəşflər edilir, lakin bizim müsəlman aləmi yerində sayır. Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövrdə dünyanın gərdişinə görə öz rəftarını da dəyişdirməlidir. Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb.

Zərdabi və onunla birlikdə bu qəzetdə əməyi olan maarifpərvər yazarlar xalqı cəhalət və qəflət yuxusundan oyatmağa çalışırdılar. Təbii ki, bütün bunlar dövrün hakim dairələrini rahatsız etməyə bilməzdi. Üstəlik, çarizmin diktəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraqlar da “Əkinçi”nin üzərinə hücuma keçirdilər.

Beləliklə, 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. “Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirdi.

“Əkinçi” qəzeti ömrünün az olmasına baxmayaraq Azərbaycan mətbuat tarixində böyük rol oynamışdır. Demokratik ideyalarla dolu olan bu qəzet məktəb, maarif, elm və mədəniyyətin inkişafında çox böyük xidmətlər göstərmişdir. “Əkinçi” qəzetinin bu ideyaları Azərbaycan maarifpərvərlərinin demokratik pedaqoji ideyalarının inkişafına müsbət təsir etmişdir.

Cahangir Abdullayev
Neftçala rayonu