"International Leasing" nizamnamə kapitalını 2 dəfə artırır

"International Leasing" nizamnamə kapitalını 2 dəfə artırır

"International Leasing" ASC nizamnamə kapitalını 1 milyon manat və yaxud 2 dəfə artıraraq 2 milyon manata çatdırmağı planlaşdırır.

BusinessTime bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 50 manat olan 20 000 ədəd yeni səhm buraxılacaq. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Xatırladaq ki, "İnternational Leasing" 2021-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 45 %-i Nicat Həsənova, 45 %-i onun qardaşı Rifat Həsənova, 10 %-i isə Leyla Cabbarovaya məxsusdur. R.Həsənov "International" ASC bank olmayan kredit təşkilatının (BOKT) yeganə səhmdarıdır. Bu kredit təşkilatının İdarə Heyətinin sədri isə N.Həsənovdur.