Kardiologiya artıq yalnız xəstəliyi deyil - insanı bütöv şəkildə müalicə etməyə yönəlir

Kardiologiya artıq yalnız xəstəliyi deyil

Tibb elmləri doktoru, C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova ESC Congress 2026-dan sonra ilə müasir kardiologiya, süni intellekt, erkən diaqnostika və Azərbaycanın yeni tibbi imkanları haqqında mətbuata müsahibə verib.

–  Münhendə keçirilən Avropa Kardiologiya Cəmiyyətinin konqresindən sizdə qalan ən əsas fikir nə oldu?

– Mənim üçün əsas mesaj çox sadə idi: gələcəyin kardiologiyası daha ağıllı, daha fərdi və eyni zamanda daha insani olacaq. Bu dəfə Münhendə 170 ölkədən 33 mindən çox mütəxəssis bir araya gəlmişdi. Yeni texnologiyalardan, süni intellektdən çox danışıldı. Amma bütün bunların mərkəzində yenə də insan, xəstə və onun həyatı dayanırdı.

 

İnfarktı əvvəlcədən görmək mümkündürmü? - Gələcəyin tibbi artıq bu gün həyatımızda - Şəkil 1

–  Konqresin əsas mesajlarından biri də kardiologiyada yanaşmanın dəyişməsi idi. Bu dəyişikliyi necə xarakterizə edərdiniz?

– Əgər bir yenilik seçsəydim, deyərdim: kardiologiya artıq yalnız xəstəliyi deyil, insanı bütöv şəkildə müalicə etməyə yönəlir. Məqsəd riski erkən görmək və müalicəni hər insana uyğunlaşdırmaqdır.

–  Konqresdə xəstələrin müalicəsi baxımından konkret hansı yeniliklər təqdim olundu?

– 3 yeni böyük klinik tövsiyə təqdim olundu: ürək çatışmazlığı, kardioreabilitasiya və ürək-damar xəstəlikləri ilə böyrək xəstəliklərinin birgə idarə olunması üzrə. Burada çox vacib bir yanaşma var: biz artıq yalnız xəstəliyi deyil, insanın ümumi sağlamlığını bərpa etməyi hədəfləməliyik.

–  Süni intellektin kardiologiyada rolu getdikcə artır. Bu texnologiya infarkt riskini əvvəlcədən müəyyən etməyə imkan verirmi?

– Bu gün artıq infarktın özünü deyil, ona aparan təhlükəni əvvəlcədən görmək mümkündür. Ürəyin KT müayinəsi və süni intellekt damarların daxilində və ətrafında olan riskli dəyişiklikləri aşkar edərək, hansı insanlarda gələcəkdə infarkt ehtimalının daha yüksək olduğunu göstərə bilir. Bu isə bizə infarkt baş verməmişdən əvvəl müdaxilə etmək şansı verir.

İnfarktı əvvəlcədən görmək mümkündürmü? - Gələcəyin tibbi artıq bu gün həyatımızda - Şəkil 2

– Bu yanaşma ürək-damar xəstəliklərinin erkən aşkarlanması baxımından nə dərəcədə əhəmiyyətlidir?

– Münhendə verilən ən vacib mesajlardan biri də bu idi: ürək-damar xəstəlikləri illərlə heç bir əlamət vermədən inkişaf edə bilər. Hətta gənc yaşda damarlarda gizli ateroskleroz aşkarlana bilər. Ona görə də özünü sağlam hiss etmək kifayət deyil. Təzyiqi, xolesterini, qan şəkərini və digər risk faktorlarını vaxtında bilmək lazımdır. Ən yaxşı müalicə infarktı gözləmək deyil, onun qarşısını almaqdır.

–  İnsanlar hansı əlamətlərə xüsusi diqqət yetirməlidirlər?

– Bəzən “stress” və ya “yorğunluq” sandığımız əlamətlər ürəklə bağlı ola bilər. Yeni başlayan nəfəs darlığı, sinədə ağırlıq, tez yorulma və təkrarlanan ürəkdöyünmə varsa, bunu gözardı etmək olmaz.

–  Süni intellekt gələcəkdə həkimi əvəz edə bilərmi?

Bəzi hallarda, bəli. Süni intellekt həkimin gözündən qaça biləcək çox erkən və incə dəyişiklikləri analiz edərək riski daha əvvəl göstərə bilər. Amma o, həkimi əvəz etmir. Ən doğru qərar süni intellektin imkanları ilə həkimin təcrübəsinin birləşməsi nəticəsində qəbul edilir.

–  Münhendə gördükləriniz arasında sizi ən çox düşündürən və Azərbaycanda tətbiq edilməsini vacib hesab etdiyiniz yanaşma hansı oldu?

– Məni ən çox düşündürən yanaşma xəstəliyi baş verdikdən sonra deyil, daha erkən mərhələdə aşkar etmək oldu. Süni intellekt, görüntüləmə və fərdi risk qiymətləndirilməsi bizə infarkt və ürək çatışmazlığını daha erkən görmək imkanı verir. Bu baxımdan düşündüm ki, Azərbaycanda da profilaktikanı və erkən diaqnostikanı daha sistemli şəkildə gücləndirməliyik.

İnfarktı əvvəlcədən görmək mümkündürmü? - Gələcəyin tibbi artıq bu gün həyatımızda - Şəkil 3

–  Münhendə təqdim olunan yeniliklərin Azərbaycanda tətbiqi nə dərəcədə realdır?

– Münhendə təqdim olunan yeniliklərin bir çoxunu Azərbaycanda artıq bu gündən tətbiq etmək mümkündür. Süni intellektin EKQ və görüntüləmədə istifadəsi, ürək xəstələrində böyrək funksiyasının daha erkən yoxlanılması, müalicənin fərdiləşdirilməsi və kardioreabilitasiyanın gücləndirilməsi bunun əsas nümunələridir. Yəni söhbət gələcəkdən yox, artıq bu gün başlaya biləcəyimiz dəyişikliklərdən gedir.

–  Azərbaycan kardiologiyasının bugünkü səviyyəsini necə qiymətləndirirsiniz?

– Azərbaycan kardiologiyası bu gün artıq inkişaf etmiş ölkələrlə eyni istiqamətdə irəliləyir. Koronar müdaxilələr, mürəkkəb ürək-damar cərrahiyyəsi, TAVI, müasir ritm cihazları və yüksək səviyyəli diaqnostika ölkəmizdə uğurla həyata keçirilir.

Xüsusilə transplantasiya sahəsində son illərdə ardıcıl və sistemli inkişaf baş verib. Əvvəlcə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradıldı, vahid donor və gözləmə sistemi formalaşdırıldı. 2025-ci ilin fevralında Azərbaycanda ilk dəfə meyit donordan orqan transplantasiyası həyata keçirildi, həmin ilin oktyabrında isə Qafqaz regionunda ilk dəfə meyit donordan ürək transplantasiyası uğurla icra olundu. Bu, təsadüfi bir əməliyyat deyil, illərlə qurulan donor və transplantasiya sisteminin nəticəsidir.

–  Münhendən qayıtdıqdan sonra institut üçün hansı konkret hədəfləri müəyyən etmisiniz?

– Münhendən qayıdandan sonra özümüz üçün bir neçə konkret hədəf müəyyən etdik. Yeni ESC tövsiyələrini praktikaya daha sürətlə tətbiq etmək, erkən diaqnostika və profilaktikanı gücləndirmək, süni intellekt və rəqəmsal texnologiyaların istifadəsini genişləndirmək, kardioreabilitasiyanı daha sistemli qurmaq əsas istiqamətlərimizdəndir.

Eyni zamanda istəyirik ki, institutumuz yalnız yenilikləri tətbiq edən deyil, həm də öz elmi nəticələrini beynəlxalq səviyyədə təqdim edən mərkəzlərdən biri olsun. Mənim üçün Münhenin əsas nəticəsi gördüyümüz yenilikləri Bakıya gətirib real xəstə faydasına çevirməkdir.