Ət, süd və qaymaq idxalı artıb

Ət, süd və qaymaq idxalı artıb

Bu ilin yanvar-avqust aylarında 26,7 min ton ət idxal edilib.

BusinessTime Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən ətin dəyəri 52,7 milyon dollar olub. Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 45,5 milyon dollar olmaqla 26,1 min ton ət idxal edilib.

Hesabat dövründə süd və qaymaq idxalında artım olub. Belə ki, səkkiz ayda 8327 ton süd və qaymaq idxal edilib. İdxalın dəyəri 17,1 milyon dollar olub. Ötən ilin müvafiq dövründə dəyəri 11,2 milyon dollar olan 6630 ton süd idxalı həyata keçirilib.

Kərə yağı və süddən hazırlanmış digər yağların idxalında isə azalma olub. Bu müddətdə 10,8 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib ki, bunun dəyəri 60,2 milyon dollar olub. Ötən ilin eyni dövründə 74,1 milyon dollarlıq 12,9 min ton kərə yağı və süddən hazırlanmış digər yağların idxalı həyata keçirilib.

Yanvar-avqust aylarında 205,7 min ton tərəvəz və meyvə idxal edilib. İdxal olunan tərəvəz və meyvənin dəyəri 139,8 milyon dollar olub. Keçən ilin eyni dövründə dəyəri 151,2 milyon dollar olmaqla 239,4 min ton tərəvəz və meyvə idxal edilib.

Hesabat dövründə 8683 ton çay idxal edilib. İdxal olunan çayın dəyəri 45,7 milyon dollar olub. Ötən ilin səkkiz ayında dəyəri 48,2 milyon dollar olmaqla 9533 ton çay idxalı həyata keçirilib.