Etalon laboratoriyaların sayı 20-yə çatdırılacaq

Etalon laboratoriyaların sayı 20-yə çatdırılacaq

Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) yeni yaradılan etalon laboratoriyaların sayının 20-yə çatdırılması nəzərdə tutulub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

Dövlət Xidmətinin rəisi qeyd edib ki, ötən il sentyabrın 30-da AzMİ ilə TÜBİTAK ÜME (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu) arasında metrologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Eyni zamanda, 2021-ci il fevralın 19-da Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib. Komissiyanın iclasında qəbul olunmuş Fəaliyyət Planında TÜBİTAK UME tərəfindən Azərbaycan Metrologiya İnstitutunda 27 laboratoriyanın qurulmasına dair təklif yer almış və həmin laboratoriyaların qurulması istiqamətində fəaliyyətə başlanılıb.

Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu çərçivəsində Türkiyə Akkreditasiya Qurumu (TürkAK) ilə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Anlaşma Memorandumu da imzalanıb. Anlaşma çərçivəsində TürkAK tərəfindən AzAK-ın ILAC-a (Beynəlxalq Laboratoriyaların Akkreditasiya Əməkdaşlığı Təşkilatı) tam həqiqi üzv olması məqsədi ilə texniki yardım xidmətlərinin göstərilməsi nəzərdə tutulub.