“Faydalı Axşam Ziyafəti”ndə 170-dən çox sahibkar bir araya gəldi - FOTOLAR
Mangal Steak House-da Fayda İş Adamları Platformasının təşkilatçılığı və Grow Audit şirkətinin dəstəyi ilə “Faydalı Axşam Ziyafəti” keçirilib. Tədbirdə 170-dən çox sahibkar iştirak edib.
BusinessTime xəbər verir ki.Gecənin ilk hissəsində maliyyə, mühasibatlıq və audit xidmətlərinin müasir biznesdə rolu müzakirə olunub. Şirkətlərdə maliyyə şəffaflığının təmin edilməsi, risklərin vaxtında müəyyənləşdirilməsi və mümkün problemlərin qarşısının alınmasında peşəkar mühasibatlıq və audit xidmətlərinin əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində Grow Audit şirkətinin rəhbəri Orxan Abdurahmanovun sahibkarlıq mühitinə göstərdiyi dəstək və platformanın fəaliyyətinə verdiyi töhfə xüsusi qeyd olunub.
Gecənin ikinci hissəsi Azərbaycanın tanınmış şairi Ramiz Rövşən və Xəzər Süleymanın iştirakı ilə poeziya gecəsi formatında davam edib. Ədəbi-bədii proqram sahibkarlara işgüzar mühitdən kənarda bir araya gəlmək, poeziya və ədəbiyyatın yaratdığı mənəvi atmosferi bölüşmək imkanı yaradıb.
Təşkilatçılar bildiriblər ki, Fayda İş Adamları Platformasının məqsədi yalnız sahibkarlar arasında işgüzar əlaqələri inkişaf etdirmək deyil, həm də dostluq, qarşılıqlı etimad və ortaq dəyərlər əsasında möhkəm biznes icması formalaşdırmaqdır.
Tədbirin sonunda təşkilatçılar Grow Audit şirkətinə və Orxan Abdurahmanova göstərdikləri dəstəyə, Ramiz Rövşənə və Xəzər Süleymana gecəyə verdikləri xüsusi ruha, eləcə də tədbirdə iştirak edən bütün sahibkarlara təşəkkür ediblər.



