Heç kəs Azərbaycanın suveren hüququnun təmin olunmasının qarşısını ala bilməz

Heç kəs Azərbaycanın suveren hüququnun təmin olunmasının qarşısını ala bilməz

Azərbaycan üç il ərzində müxtəlif beynəlxalq platformalarda, rəsmi və qeyri-rəsmi tədbirlərdə Ağdam-Xankəndi yolunun funksionallığı barədə məlumat verib. Həmin marşrut yalnız Azərbaycan üçün deyil, eyni zamanda, Xankəndində yaşayan ermənilər üçün də daha səmərəlidir. Xüsusi parametrlərə nəzər salsaq, Laçın-Xankəndi yolunun təhlükəli aşırımlar, çətin relyef şəraiti ilə əhatə olunduğunu görərik. Xüsusilə hava şəraitinin qarlı olduğu vaxtlarda həmin yolun normal istismarı olduqca təhlükəlidir. Son üç il ərzində yolların buzla örtülməsi səbəbindən həmin yolda tez-tez qəza baş verirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov bildirib.

O qeyd edib ki, Ağdam-Xankəndi yolu ilə 30 dəqiqəyə gediləcək yol, Laçın-Xankəndi marşrutu ilə bir saatdan çox çəkir. Lakin Ermənistanın beynəlxalq tərəfdaşları, xüsusilə də bölgədə siyasi proseslərə təsir etmək istəyən dövlətlər Laçın-Xankəndi yoluna üstünlük verirlər. Azərbaycan məhz Ağdam-Xankəndi marşrutundan istifadə edilməsi üçün yeni yol çəkdi, həmin ərazinin infrastrukturunu qurdu. Ancaq buna baxmayaraq, bir çox dövlət böyük vəchlə prosesə təsir etməyə çalışır. Beynəlxalq təşkilatlar bu marşrutdan istifadə edərək dünya ictimaiyyətini Azərbaycanı bölgədə “müddətli təsisat” olaraq tanıtmaq istəyir. Onlar dünyaya “siyasi mesaj” verirlər. Azərbaycan 44 günlük Vətən savaşından sonra bir daha bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycanın ərazisidir. Heç kəs Azərbaycanın suveren hüququnun təmin olunmasının qarşısını ala bilməz. Azərbaycanın Laçın-Xankəndi yolunun istismarı ilə bağlı atdığı addımlar beynəlxalq normalar çərçivəsindədir. Yalnız gömrük rejimi, sənədləşmə işləri, sərhəd-keçid buraxılış qaydaları tam şəkildə bərqərar olunduğu təqdirdə həmin marşrut istifadə oluna bilər.

“Ermənistanın havadarlıq borcunu öz üzərinə götürən bəzi dövlətlər həmin yoldan qeyri-şərtsiz istifadə etmək istəyir, maneəsiz keçidin təmin olunmasını tələb edirlər. Lakin bir ölkənin ərazisindən digər ölkəyə qanunsuz yüklərin daşınması gömrük bəyannaməsi tərtib olunmadan mümkün deyil.

Azərbaycan Laçın-Xankəndi yolu üzərində sərhəd-keçid məntəqəsinin tam funksionallığının işə salınmasına nail olub və həmin sərhəddən keçid normal beynəlxalq qaydalara uyğun aparılır. Nəqliyyat vasitələri istənilən halda müəyyən qaydalara əməl etməklə həmin keçiddən istifadə edə bilər. Ancaq Ağdam-Xankəndi yolunun üstünlüyü ondan ibarətdir ki, həmin marşrut üzərindən daşınan yüklər yalnız Azərbaycan ərazisi istiqamətində hərəkət edir və onların təhlükəsizliyi tam şəkildə təmin olunur. Həmin yüklər dövlətimizin sərhədinə keçidi zamanı yoxlanılır və əminlik yaradır ki, yüklərdə ölkəmizin suverenliyinə xələl gətirəcək, Azərbaycanın kəndində yaşayan erməni əsilli sakinlərə qarşı hər hansı təxribat xarakterli əməllər törədilməyəcək. Çünki Laçın yolundan istifadə etmək istəyən separatçıların əsl niyyəti Xankəndində yaşayan erməniləri silah-sursatla təmin edərək onları öz siyasi oyunları üçün manipulyasiya etməkdir. Azərbaycan Xankəndində yaşayan erməniləri dəfələrlə Azərbaycan vətəndaşlığını qəbul etməyə çağırıb. Bunu qəbul etdikdən sonra həmin ermənilər Azərbaycanın tam hüquqlu vətəndaşı olaraq cəmiyyətdə yaşamağa, işləməyə haqq qazanacaqlar. Həmin proses Ermənistanla Azərbaycan arasındakı danışıqları, sülh müqaviləsini tezləşdirə bilər”, - deyə A.Allahverənov qeyd edib.