İcra başçısı vətəndaşlarla görüşüb

İcra başçısı vətəndaşlarla görüşüb

Neftçala Rayon İcra Hakimiyyəti başçısı Dördlər kəndinin sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri və kənd sakinləri iştirak edib.

Görüşdə çıxış edən Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən danışıb və yaralanan hərbçilərimiz haqqında məlumat verib.
Ətraflı

İcra başçısı işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda geniş surətdə aparılan abadlıq-quruculuq, yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Səyyar qəbulda əsasən Xol zonası üzrə doğum evinin fəaliyyət göstərilməsi, Dördlər kəndi ərazisində aptekin istifadəyə verilməsi, torpaq aktlarının yenilənməsində köməklik göstərilməsi, elektrik sayğaclarının yenilənməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədi ilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.