"İqtisadiyyatda "rahatlama" uzunmüddətli sabitlik deyil"
Son vaxtlar iqtisadi xəbərlərdə tez-tez “iqtisadiyyat nəfəs aldı”, “bazarlar bir qədər rahatladı” kimi ifadələr işlədilir. Bu cür cümlələr ilk baxışda ümidverici səslənsə də, əksər hallarda konkret rəqəmlərə deyil, ümumi əhval-ruhiyyəyə əsaslanan qiymətləndirməni əks etdirir.
İqtisadiyyatda “rahatlama” anlayışı adətən vəziyyətin yaxşılaşmasını yox, pisləşmənin tempinin zəifləməsini ifadə edir. Qiymətlər artmaqda davam edir, sadəcə əvvəlki qədər sürətlə yox. Valyuta bazarında dalğalanmalar qalır, amma kəskin sıçrayışlar müşahidə olunmur. Biznes üçün risklər aradan qalxmayıb, qeyri-müəyyənlik isə sadəcə bir qədər azalıb.
Bu cür “nəfəs alma” mərhələləri çox vaxt gərgin dövrlərdən sonra yaranan nisbi uyğunlaşma ilə bağlı olur. İqtisadi subyektlər yeni şərtlərə alışır, bazarda emosional qərarların sayı azalır. Lakin bu, real rahatlama deyil, daha çox vəziyyətə adaptasiya prosesidir.
Əsas məsələ ondadır ki, bu rahatlama dayanıqlı xarakter daşımır. İqtisadiyyat dincəlmir, sadəcə əvvəlki qədər sıxılmır. Əhali və biznes “bir az rahatladıq” desə də, real gəlirlər, xərclər və kredit yükü baxımından ehtiyatlı davranmaq zərurəti qalır.
İqtisadi proseslərdə “nəfəs alma” ifadəsi həm də psixoloji məna daşıyır. Çünki bazar yalnız statistik göstəricilərdən ibarət deyil. Gözləntilər, qorxular və qeyri-müəyyənliklər də qiymətlərin və qərarların formalaşmasına ciddi təsir edir. Gərginliyin azalması daha soyuqqanlı davranış yaratsa da, bu, problemlərin həll olunduğu anlamına gəlmir.
Bu kontekstdə Azərbaycan Mərkəzi Bankının son monetar qərarları da tez-tez “rahatlama” kimi təqdim olunur. Faiz dəhlizinin aşağı salınması pul siyasətində müəyyən yumşalma siqnalı versə də, bu addım inflyasiyanın tam nəzarət altına alındığını göstərmir. Daha çox, iqtisadi aktivliyin həddindən artıq sıxılmasının qarşısını almağa yönəlmiş ehtiyatlı balans axtarışı kimi qiymətləndirilə bilər.
Faiz dəhlizinin endirilməsi kredit bazarında gözləntilər yaratsa da, real sektorda bunun dərhal hiss olunması çətindir. Biznes və istehlakçılar üçün maliyyə şərtləri hələ də sərt olaraq qalır. Bu da onu göstərir ki, monetar qərarlar “rahatlama”dan çox, risklərin idarə olunması məqsədi daşıyır.
Beləliklə, “iqtisadiyyat nəfəs aldı” ifadəsi real mənada yaxşılaşmanı yox, gərginliyin müvəqqəti zəifləməsini təsvir edir. Bu, müəyyən mənada müsbət siqnaldır, lakin arxayınlaşmaq üçün əsas deyil. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatında əsas göstəricilər hələ də diqqətli və ehtiyatlı yanaşma tələb edir və növbəti mərhələnin necə formalaşacağı atılacaq addımlardan asılı olacaq.
Kredit.az-ın redaktoru Gülbəniz Hüseynli

