Mərkəzi Bankın valyuta ehtiyatlarının 90%-dən çoxu dollarladır
2025-ci ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının 93 %-ni ABŞ dolları, 1 %-ni Çin yuanı və Qətər rialı, 6 %-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.
BusinessTime bu barədə qurumun illik idarəetmə hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən il valyuta ehtiyatları pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşı olmaqla iki hissəyə bölünərək, hər bir tranşın və altportfelin məqsədinə uyğun olaraq seçilmiş bençmarklar əsasında, xarici ölkələrin investisiya dərəcəli kredit reytinqinə malik dövlət və kvazi-dövlət borc öhdəliklərinə investisiya edilməklə idarə edilib. Valyuta ehtiyatlarının idarə edilməsində daxili idarəetmə ilə yanaşı, xarici menecerlərlə əməkdaşlıq da davam etdirilib.
2025-ci ildə valyuta aktivlərinin idarə edilməsindən gəlirlər 505,5 milyon ABŞ dolları, gəlirlilik isə 4,6 % təşkil edib, müvafiq bençmarkların gəlirliliyini üstələyib. AMB-nin rəsmi valyuta ehtiyatları idarəetmədən əldə edilən gəlirlər, daxili bazarda valyuta əməliyyatları və məzənnə fərqi hesabına 555,4 milyon ABŞ dolları və yaxud 5,1 % artaraq 11,5 milyard ABŞ dollarına çatıb.
Hesabat ili ərzində valyuta ehtiyatları qlobal maliyyə bazarlarında geosiyasi və geoiqtisadi reallıqlardan irəli gələn bazar dəyişkənliyi şəraitində idarə edilib. ABŞ prezident administrasiyasının sərt tarif siyasəti ilə bağlı açıqlamaları həm qlobal miqyasda, həm də ABŞ-da iqtisadi artım tempinin aşağı düşəcəyi ilə bağlı bazar iştirakçıları arasında narahatlıqlara səbəb olub. İl ərzində azalan inflyasiya tempi
fonunda ABŞ və Avropadakı əsas mərkəzi banklar yumşaq pul siyasəti kursunu həyata keçirsələr də, inflyasiyanın hələ də hədəf səviyyəsindən yuxarı olması mərkəzi bankları pul siyasəti qərarlarında ehtiyatlı davranmağa vadar edib. Qeyd olunan amillər və artan
qeyri-müəyyənliklər, eyni zamanda dolların dəyərinin aşağı düşməsinə səbəb olub.
Report


