Metropoliten rəisinə yeni müavin TƏYİN OLUNDU
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub.
Bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Zaur Nağıyev "Bakı Metropoliteni" QSC-nin sədr müavini vəzifəsinə gətirilib.
O, bu təyinata qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyəti sədrinin müavini olub.
Xatırladaq ki, Zaur Nağıyev 1982-ci ildə anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetində Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını başa vurub, 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin birgə təşkil etdiyi proqram çərçivəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb.
2005-2008-ci illərdə və 2009-2013-cü illərdə BMT-nin müxtəlif təşkilatlarında (UNHCR, WFP və UNICEF) çalışıb. 2008-2009-cu illərdə və 2013-2014-cü illərdə SOCAR-ın Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri vəzifələrini icra edib. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Hüquq departamentinin rəisi, 2022-ci ildən həmin qurumun İdarə Heyəti sədrinin müavini olub.
Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Zaur Nağıyev eyni zamanda ADA Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.
2017-ci ildə “Tərəqqi” medalı, 2018-ci ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. (Olke.az)


