“Nazir Prezidentin verdiyi evi mənə 36 minə satdı” - Əməkdar rəssamla MÜSAHİBƏ
Havanın yaz fəslini xatırlatdığı bir fevral günündə müsahibimlə görüşmək üçün yola düzəlirəm. “Azərbaycanfilm” kinostudiyasını keçdikdən sonra əlaqə saxlayıb mənzilə çatıram. Qapını bizə rəssamın özü açır.
İlk olaraq bütün otaqları göstərib, harada rahat olacağıqsa, orada əyləşməyi məsləhət görür. Yerimizi seçib müsahibəni aldıqdan sonra rəsm əsərlərinə və arxiv fotolarına baxmaq istədiyimizi bildirirəm. O isə məmnuniyyətlə təklifimizi qəbul edir.
“Yeni Sabah” bu yaxınlarda 80 illik yubileyini qeyd edən Əməkdar rəssam Fikrət Ələkbərovla müsahibəni təqdim edir.
– Fikrət müəllim, bu yaxınlarda 80 yaşınız oldu. Doğum gününüzü necə qeyd etdiniz?
– Kinostudiyadan uşaqlar gəlmişdi. Yubileyi onlarla birlikdə qeyd etdim. Belə, xüsusi bir şey olmadı.
– Kimlər gəlmişdi?
– Kinoşünas Aydın Kazımzadə, operatorumuz Rafiq Qəmbərov, kinoprodüser Adil Qulamov. Doğum günümü onlarla öz aramızda keçirdik.
– Bir az da özünüzdən danışaq. Bakının harasında doğulub böyümüsünüz?
– Xalis Bakılıyıq. İçəri Şəhərdə doğulmuşam. Sonra Ələsgər Ələkbərovun doğulduğu ata-baba evinə qayıtmışıq. Oradan da Təzə Pir məcidinin yanına köçmüşük. “Azərbaycanfilm”də işlədiyim vaxtda indi yaşadığımız evi Prezident İlham Əliyev mənə bağışlayıb. Lakin bizim hörmətli keçmiş nazirimiz Əbülfəs Qarayev buranı bizə satıb. 36 min pul vermişəm bu mənzilə. Öz qiyməti 72 min idi, yarı qiymətinə almışıq. İtaparanı olsun. Bütün bu ərazilər kinostudiyaya aid idi.
– Bəs bilmirdiniz ki, Prezident buranı sizə bağışlayıb? Niyə şikayət etmədiniz?
– Çünki dedilər ki, şikayət etsən, evi əlindən alacağıq.

– Fikrət müəllim, təəssüratlarınız, həyatla bağlı gələcək planlarınız nədir?
– Gələcəklə bağlı planlarım yoxdur. Çünki Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə işləmirəm. Mən sözün düzünü deyənəm. Ona görə də çoxları ilə yola gedə bilmirəm. Mənim nə Prezident təqaüdüm var, nə də əlavə gəlir yerim. Əməkdar rəssam adını da güclə almışam.
Heç kəslə işim yoxdur. Həyatımın 70 ilini kinoya həsr etmişəm. 10 yaşımdan bu işin içindəyəm. 1961-ci ildə “Amfibiya adam”, 1969-cu ildə “Brilliant əl”, 1971-ci ildə “Axırıncı aşırım”, “Başsız atlı”, “Tehran-43” və s. filmlərdə iştirak etmişəm. O kinolarda paltar daşımaqdan bəri hər işi görmüşəm. Sonra əsgərliyə getdim. Qayıdanda da “Azərbaycanfilm” Kinostudiyasında işə başladım.
Evimin yanındadır, amma 10 ildir getmirəm
– Kino sahəsinə marağınız necə yaranıb? Ailə üzvlərinizdən gələn bir şeydir, ya xüsusi olaraq həvəskarı olmusunuz?
– Mənim bütün ailəm kinoya bağlı olub. Atamın əmisi SSRİ Xalq artisti Ələsgər Ələkbərov, atam Ağa Zeynal Ələkbərov və anam Azərbaycan kinosu üçün çox şey ediblər. Ailədə 4 uşaq olmuşuq. Amma incəsənət sahəsində olan tək mənəm. Allah rəhmət etsin Ələsgər Ələkbərova. Mən onun izi ilə getdim. Doğma babamın qardaşı idi.
– Bəs babanız nə işlə məşğul olub? O da kino sahəsində çalışırdı?
– Yox. Babam tacir olub. Hacı Zeynalabdin Tağıyevlə birgə işləyib.
– Ananız nə işlə məşğul idi?
– Anam orada kinomexanik kimi fəaliyyət göstərirdi. Anam milliyətçə rusdur, atamla da müharibə dövründə kinostudiyada tanış olublar. Yoldaşımla da orada tanış olub evlənmişəm.
– Yoldaşınız nə işləyirdi bəs?
– O, qrim ustası idi.
– Övladlarınız necə? Onlar da kino ilə məşğuldur?
– Övladlarım yox, onların sahəsi başqadır. Oğlumun 55 yaşı var İngiltərədə yaşayır. Orada universitetdə dərs deyir. Qızımın da 45 yaşı var. Tibb sahəsində çalışır. Almaniyada yaşayır. 10 yaşında bir nəvəm var.
Ələsgər Ələkbərovla bağlı deyilənlər doğru deyil..
– Atanız Ağa Zeynal Ələkbərov müharibə dövründə kinooperator kimi fəaliyyət göstərib. Həmin illərdə gördükləri barədə evdə nələrsə danışırdımı? Onun keçdiyi yol sizin seçimlərinizə necə təsir edib?
– Atamı həmin dövrdə Krım, Sevastopol, Odessa, Kerç və bir çox şəhərlərə göndərmişdilər. Gördüklərini danışırdı. Orada sənədli filmlər çəkirdi. Müharibədən sonra isə cəmi 2 film çəkdi. Ondan sonra da oradan getdi. Kinostudiyada onun haqqında lövhə də var.
– Bəs Ələsgər Ələkbərov xaraktercə necə insan idi? Deyirlər çətin adam olub...
– Orası düzdür, çətin adam idi. Əlisəttar Atakişiyevlə uzaq qohum olmuşuq. “Uzaq sahillərdə” filmində birlikdə oynayıblar. “Bir qalanın sirri” filmində Ələsgər Simnar xan obrazını oynamaq istəyirdi. Əlisəttar isə həmin rola Əli Zeynalovu çəkdi. Ələsgər qabağından yeməyən adam idi.
– Deyilənə görə, “Böyük dayaq” filmi lentə alınan zaman çəkiliş meydançasında 2 paya olub və səhvən “Lal Hüseyn” obrazını oynayan Qədirağa Əzimov həqiqi ağacı Ələsgər Ələkbərovun başına vurub. Belə bir hadisə olubmu?
– Bunlar hamısı yalandır. Elə şey olmayıb.
– Ələsgər Ələkbərovun Adil İsgəndərovla münasibətləri necə olub?
– Mən gələndə o artıq kinostudiyadan getmişdi. Mən də əsgərlikdən yeni gəlmişdim. Ona görə bu barədə heç nə deyə bilmərəm.
– Belə başa düşürəm ki, ailədən əlavə özünüzün də kinoya marağınız olub. Çünki 4 uşaqdan yalnız sizsiz bu işlə məşğul olan...
– Əlbəttə. Olmasaydı bu sahədə olmazdım. Artıq 70 ildir ki, kinonun içindəyəm.
– 10 ildir “Azərbaycanfilm”ə ayaq basmadığınızı dediniz. Özünüz ayrıldınız oradan? Ya təqaüdə çıxdınız?
– Yox, özüm ayrılmışam. Heç kəs məni oradan çıxartmayıb. İndi kinoya elə adamlar gəlib ki... Əminliklə deyə bilərəm ki, Azərbaycanda kino yoxdur. Təqaüd də almıram.
– Bəs necə dolanırsınız?
– Mənim 15 ildir ki, dizlərim işləmir. Bacılarım kömək edirlər. Hərdən gəlib rəsm tablolarımı alırlar. Hər gün masaja 50-60 manat pul verirəm. Təqaüdlə bağlı da neçə dəfə müraciət etmişəm, amma baxan yoxdur.
– Azərbaycanda kino yoxdur dediniz. Bu gün onsuz da hamı kinodan gileylənir. Əsas müzakirə mövzularından biridir.
– Elədir. Bizdə yalnız kino oğurluğu var. Orada yaxşı adamlar da var. Allah canlarını sağ etsin. Amma bir idarə 2 ildə 5 müdir dəyişirsə, onun sonu nə olacaq? Oranın yarısı hazırda arendadadır. Bu məsələni çox qurdalamaq istəmirəm. Yenə də deyirəm ki, mənim dilim çox acıdır. Yubileyim oldu, amma bir nəfər mənə zəng vurmadı, təbrik etmədi... Çünki doğruları dediyim üçün hər zaman məndən uzaq gəzirlər.
– Bəs kino sahəsinin düzəlmək şansı yoxdur?
– Yox, qətiyyən. Bəlkə mən öləndən sonra düzələ. Hamı deyir ver yeyim, ört yatım. Yaxşı sənətkarlar qocalıb. Yenilər də guya film çəkirlər. Hamı soyunmaqla məşğuldur.
Şeyx Əbdül kimdir?
– Yeni film və seriallar çəkilir. Hikmət Rəhimovun son günlər çəkdiyi “Səkkiz” serialı da çox müzakirələrə səbəb oldu. Bu haqda nə düşünürsünüz? Sizcə onlar da çəkə bilməyənlərdəndir?
– O kimdir? Tanımıram. Sanballı biri olsaydı tanıyardım.
– Ümumiyyətlə gənclərdən kimləri tanıyırsınız? Kimləri bəyənirsiniz?
– Elxan Cəfərovu bəyənirəm.
– Bu yaxınlarda Şeyx Əbdül Mahmudbəyov da Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinə Elxan Cəfərovun gətirilməsini məsləhət görmüşdü.
– Şeyx Əbdül kimdir?
– Xalq artisti...
– Tanımıram… Mən düz danışan adamam. Bunlar kimi olsaydım bağım, evim, maşınım hər şeyim var idi. Bir tək təmiz ürəyim var, bir də bu balaca evim...
“Dərviş Parisi partladır” filmində bu rolu oynamışam
– İlk dəfə hansı filmin çəkilişində iştirak etmisiniz?
– 1961-ci ilsə Yuri Qaqarin kosmosa uçmuşdu. Mən də onun rəsmini çəkmişdim. Onu götürüb gəldim “Dom pionerə” (Pionerlər evi). Onda Məsmə Ağayeva məni görüb dedi ki, yaxşı gəlmisən. Beləcə mənim rəsmimi götürüb Amerikaya göndərdilər. Oradan düşəndə Qubernator bağı tərəfdə Yaşıl aptek var idi. Oraya çatanda gördüm ki, nəsə çox pis qoxu gəlir. Yaxınlaşdıqca gördüm ki, orada “Amfibiya adam”ın çəkilişləri gedir. Mən də onun kitabını oxumuşdum. Yaxınlaşdım və onlarla çalışmağa başladım. Ardınca isə “Brilliant əl” filmində iştirak etdim. Gündəlik 2 manat 95 qəpik pul alırdım. Ardınca “Tehran-43” və “Başsız atlı” filmlərində iştirak etdim.
– Filmlərin çəkilişlərinin hamısı Bakıda aparılırdı, ya başqa bölgələrə də gedirdiniz?
– “Başsız atlı” filmi Naxçıvan dağlarında çəkilib. Bəzi çəkilişdə Biləsuvarda, Şamaxıda və digər bölgələrdə aparılıb.
– Saydığınız filmlərdə məşhur aktyorlarla birlikdə çalışmısınız. Oleq Vidov, Lyüdmila Savelyeva, Yuri Nikulin və s. Onlarla münasibətiniz necə idi?
– Hamısı ilə ünsiyyətim yaxşı idi. Bizim evə qonaq gəlirdilər. Oturub yeyib-içirdik.
– Fikrət müəllim, dekor rəssamı olmaqla yanaşı, bəzi filmlərdə aktyor kim çalışmısınız. İkisi arasında hansı fərqlər var? Sizə görə hansı daha yaxşıdır?
– Hə, bir çox filmlər oynamışam. “Dərviş Parisi partladır” filmində kazak rolunda oynamışam. Həmin filmdə Sergey Yuriski ilə yaxından tanış olmaq fürsətim oldu. Bir də orada Yefim Zaxaroviç Kopelyan adlı aktyorla da tanış oldum. Çox yaxşı adam idi. Yuriski onda mənə dedi ki, onun soyadı Kopelyan yox, Koppeldir. Əvvəl onun Moldavaya göndəriblər və beləliklə soyadı dəyişib.
– Sergey Yuriski haqqında təəssüratlarınız necədir? Necə biri idi?
– Çox sanballı adam idi. Fransız, alman dillərini təmiz bilirdi. Onun tanışlığıma çox şad olmuşdum.
Camaat ona görə pəncərələri sındırmışdı
– Rəsm otağınızda Yuri Nikulinlə çəkilmiş fotonuzu gördüm. Onunla “Brilliant əl” filmində tanış olmaq şansınız olub. Real həyatda necə insan idi?
– Yuri Nikulin adətən “alkaş” rollarında çəkildiyinə görə hamını təsəvvüründə elə qalıb. Amma o qətiyyən içki içmirdi. Onunla çox yaxın idik. Evimizə qonaq da gəlmişdi. Çox səmimi və sadə adam idi. Moskvaya gedəndə də görüşürdük. Bir dəfə hətta 5 gün qaldım, qalmaq yerinə kimi özü həll etdi. Heç nəyə pulum çıxmadı. Hətta bir işçisi var idi. 3 uşaqlı tək qadın idi. Onun üçün ev belə alıb vermişdi. Saysız-hesabsız filmləri var, lakin çox sadə idi. Bizimkilər 1 rola çəkiləndən sonra heç kəsi saymırlar.
– Yerli camaat necə qarşılayırdı onları?
– Onu bütün İçəri Şəhər tanıyırdı. Hər kəs ona kompot, çay, yemək təklif edirdi. O da zarafata salıb deyirdi ki, spirtli içkidən başqa hər şey verə bilərsiniz. Hətta bir dəfə o bizə qonaq gəlmişdi. O vaxtı Təzə Pir məscidinin yanında qalırdım. Yerli sakinlər onu görmək üçün bütün evin pəncərələrini sındırmışdılar. Səhəri gün isə düzəltmişdilər. Onu hər kəs sevgi ilə qarşılayırdı. Hər zaman deyirdi ki, insanlarınız çox mehriban və qonaqpərvərdilər.
– Andrey Mironovla da həmin filmdə tanış olmusunuz. Onunla bağlı xatirələrinizdə qalan nələrdir?
– Andrey Mironovun eqzema xəstəliyi var idi. İsti havada vadalaska geyinirdi. Həmin geyimin tərkibində metal var idi və müalicə məqsədilə ondan istifadə edirdi. Hər səhər onu Şıxov çimərliyinə aparırdılar, sonra çəkilişlərə başlayırdıq.
O dövrdə 750 min pul əldə edildi
– “Amfibiya adam” filminin çəkilişləri haqqında nələr danışa bilərsiniz?
– Həmin filmdən 750 min pul əldə edilmişdi. Dünyada yeganə filmdir ki, 40-50 faizi dənizin altında çəkilib. Amma gərək 2 seriyalı olardı. Müharibə qutardıqdan sonra həmin filmi heç kəs çəkə bilmədi. Bacarmadılar. 1957-ci ildə “Walt Disney” həmin ssenarini aldı, lakin 18 aydan sonra geri qaytardı. Onlar da çəkə bilmədilər. Onlardan öncə hamı kolxoz və sovxoz haqqında filmlər çəkirdi. Həmin film xeyli gəlir gətirmişdi. 2000-ci ildə həmin filmi 4 seriyalı çəkdilər, amma eyni effekti vermədi.
– Fikrət müəllim, filmlərin çoxu Bakıda çəkilib. Rejissorları bura çəkən əsas məqam nə idi?
– Kim nə deyirsə desin, Bakı Bakıdır. Burada Argentina kadrları çəkiblər. “Başsız atlı” filminin çəkilişləri bitdikdən sonra onu Moskvada Argentina səfirliyində göstərdilər. Onlar kadrların Bakıda çəkildiyinə inana bilmirdilər. Əvvəl kino ustaları var idi. İndi elə insanlar yoxdur. Video çıxandan sonra hər şey korlandı. Qabaq plyonka ilə 3-4 dubl çəkmək mümkün idi. Aktyor da, rejissor da hər şeyə diqqət edirdi. İndi hamı öz kefindədir.
– Bəlkə yaxşı ssenari yoxdur? Niyə hər şeyi rejissor və aktyorun üzərinə atırıq?
– Sizinlə razı deyiləm. Ssenari nə qədər pis olsa da rejissor onu ortaya çıxartmağı bacarmalıdır. Bizim köhnə rejissorlarımız Tofiq Tağızadə, Əlisəttar Atakişiyev, Arif Babayev kimi insanların ürəyində var idi kino. İndikilər ancaq türk kinolarına baxır. O da bizə aid deyil. Bizim öz mentalitetimiz var. Müasirləşdirməyə çalışırlar, amma olmur. Bizdə bir xəstəlik də var idi ki, Gürcüstandan aktyor, aktrisa çağırırdılar. Onda gərək kinostudiyanı Gürcüstan filialı edək. Belə danışdığıma görə də məni qəbul etmirlər.
Stalinin Leyla Bədirbəyliyə münasibəti...
– Əvvəlki dövrə baxanda indi aktyor təhsili, texnika, hamısı yüksək səviyyədədir. Lakin ortada iş yoxdur...
– Götürün elə Leyla Bədirbəylini. O, “Arşın mal alan” filminə çəkiləndə kinonu göstərməyə icazə vermirdilər. Stalin həmin filmə baxdı və ona aşiq oldu. Ondan sonra film yayımlandı. Həmin filmi ikinci dəfə də çəkdilər, lakin o effekti vermədi. 10 ildən də çox olar məni kinostudiyaya dəvət etdilər ki, köhnə filmləri rəngləyək. Bir az işlədim, sonra razılaşmadım. Çünki mən dəqiq işləməyi sevirəm. Gərək hər düymənin rənginə qədər deyim. Gördüm ki, yola verirlər, dedim mənlik deyil.
– Problem deyəsən işə sevgi ilə yanaşmamaqdır...
– Burada əsas məsələ odur ki, hər kəs deyir nə rol olsa çəkilərəm. Axı elə olmalı deyil. Pula görə hər şeyi etmək olmaz. Hamı sifarişlə işləyir. Zəng edirlər ki, filankəsi işə götür, filan rola çək və s. Belə kino olmur. İndi heç kəs “Uşaqlığın son gecəsi”, “Bəyin oğurlanması”, “O olmasın, bu olsun” kimi filmləri çəkə bilməz. Bizimkilər ancaq yeyib-içməkdə yaxşıdır. Bütün bunlarla yanaşı kinoteatr və film posterləri də çox zəifdir. Marketinq səviyyəsi sıfırdır. Sovet dövründə ən pis filmlərdən belə xeyli pul yığılırdı.
– Müasir filmlədəki rəssam işi haqqında nə düşünürsünüz?
– Rəssamın işi əslində çox çətindir. Amma indikilər hamısı komputer rəssamıdır. Baxırsan ki, orden o deyil, düymə o deyil, kadr o deyil. Hazırda kinostudiyada kostyum yoxdur. Əvəllər orada 1300 adam işləyirdi. Bu yaxınlarda 60 nəfər idi. Onların da yarısını işdən çıxartdılar, qalanların da maaşını kəsdilər. O vaxtı “Azərbaycanfilm” ən böyük kinostudiya idi.
Heç vaxt qayıtmaram
– Bədii tərtibat barəsində nə düşünürsünüz?
– Bu suala cavab vermək istəmirəm. Çünki ağzım açılsa, pis olacaq.
– “Mozalan”kinojurnalının 100-dən artıq sujetinə bədii tərtibat vermisiniz. Satira janırında işləmək necə idi?
– O da əvvəllər “Mozalan” idi. Onu Eldar Quliyev, Rasim Ocaqov, Arif Babayev, Tofiq Quliyev çəkirdi. Hər vəziyyətdən çıxa bilirdik. Ürəklə işləyirdik. Böyük aktyorlar çəkilirdi.
– Həyatının 70 ilini kinoya həsr etmiş biri olaraq bu iş haqqında düşüncələriniz nədir?
– Tək bildiyim odur ki, yenidən bu sahədə olmaram. Çünki sənətkarlar daha yoxdur. Kino yoxdur. İstəyənləri də işləməyə qoymurlar. Nə qədər çağırsalar da getmirəm. Getmərəm də.
Aydan Hacı
Fotolar: Nazim Hacıyev
Telegram kanalımız
















