Ali Baş Komandanın düşünülmüş siyasətinin uğurlu nəticələri!

Ali Baş Komandanın düşünülmüş siyasətinin uğurlu nəticələri!

Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində Azərbaycan daxili və xarici siyasətdə böyük uğurlara nail olub. Ötən dövr ərzində Ölkəmiz özünün iqtisadi potensialını formalaşdıraraq böyük nailiyyətlər qazanıb.

Heç şübhəsiz bu da dövlətimizin siyasi cəhətdən qüvvətlənməsini şərtləndirən əsas amillərdəndir. Digər mühüm faktor isə güclü, müasir, qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələrimizin formalaşmasıdır. Bütün qeyd etdiyimiz faktorlar bütövlükdə Azərbaycanın simasını nümayiş etdirir. Əldə edilən nailiyyətlərin nəticəsi idi ki, Azərbaycan 30 ilə yaxın müddətdə həlli beynəlxalq təşkilatların ümidinə qalmış problemini özü həll etdi. Məhz dövlət, xalq, ordu, rəhbər birliyi nəticəsində Ölkəmiz dünyaya öz gücünü nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyev dünya miqyasında nüfuzlu siyasətçi kimi qəbul olunmaqla yanaşı, sözü imzası qədər qüdrətli olan bir fenomen şəxsiyyət kimi önə çıxdı. Hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, 44 gün ərzində bütün məsələləri öz nəzarətində saxladı. Döyüş meydanı ilə yanaşı siyasi meydanda da, informasiya müharibəsində də dünyanı mat qoydu. Ermənilərə və onların dəyirmanına su tökənlərə əsl siyasət dərsi keçdi. Bu gün də Azərbaycan bəzi dairələrdən gələn mənfur, çirkin niyyətləri məharətlə dəf edir.

Öz ərazi bütövlüyünü hər bir məsələdən üstün tutaraq qanunların hər bir nöqtədə bərabər hüquqlu olduğunu nümayiş etdirir. Qarabağ ərazisində yaşayan bir qrup erməni əhalisini öz vətəndaşları hesab edən, onlara digər vətəndaşlarımız kimi yaşamaq hüuqunu tanıyan Ölkəmizə qarşı bütün qarayaxmalara lazımı şəkildə cavab verir və tədbirlərini görür. Son günlər bölgədə yaranan və süni şəkildə idarə edilən vəziyyət əlbəttə ki, narahatlıq doğurur. Təəsüflə deməliyik ki, öz çirkin niyyətindən əl çəkməyən rəsmi İrəvan manipulyasiyalar etməklə vəziyyəti gərginləşdirmək, sülh danışıqlarından yayınmaq istəyir. Əlbəttə ki, bu onların öz işidir. Hesab edirik ki, sülh bu gün ermənilərə daha çox lazımdır. Lakin bəzi xarici dairələr regionda vəziyyətin stabilləşməsini qəbullanmaq istəmirlər. Bu səbəbdən Azərbaycanı “humanitar fəlakət” yaratmaqda günahlandırırlar. Bütün bunların oyun olduğunu hər kəs yaxşı bilir. Bu mənada hayların hay-küyü ilə BMT Təhlükəsizlik Şurasının 16 avqustda tələsik toplanmasını xüsusi qeyd etməliyik. Lakin sonda müzakirələr zamanı erməni və erməniçiliyin əsl simasının aşkara çıxması bir daha qeyd etdiklərimizin bariz sübutudur. Laçın dəhlizi və onun idarə edilməsi Azərbaycanın suveren hüququdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bu haqda demişdir: “Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxlaq qaydalara uyğun olaraq təmin edilib”.

Burada məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Əminliklə deyə bilərik ki, əldə olunmuş bu tarixi naliyyətlər, qazanılmış böyük uğurlar Ölkə başçısı cənab İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və həyata keçirdiyi  müdrik siyasətin  nəticəsidir.

Əliheydər Qarayev;
Neftçala rayon sakini