"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin yanvar-sentyabr aylarını 6,469 milyon lari (4,205 milyon manat) xalis mənfəətlə başa vurub.

BusinessTime Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 5,6 dəfə çoxdur.

9 ayda "PAŞA Bank Gürcüstan"ın vergiyəqədərki mənfəəti 6,178 milyon lari (4,016 milyon manat, 1 il əvvəllə müqayisədə 2,9 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 291 min lari (189 min manat, əvvəlki il ödəmə olub) təşkil edib.

Bu il oktyabrın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 662,054 milyon lari (430,335 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 3,8 % çoxdur. Bunun 425,268 milyon larisi (276,424 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 16,9 % böyüyüb.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 0,4 % artaraq 515,585 milyon lariyə (335,13 milyon manat), o cümlədən depozit portfeli 7,8 % artaraq 441,802 milyon lariyə (287,171 milyon manat), balans kapitalı isə 17 % artaraq 146,469 milyon lariyə (95,205 milyon manat) çatıb.

"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 136,8 milyon laridir (88,92 milyon manat). Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

1 lari = 0,65 manat

(Report)